Ağlımız kəsəndən bəri özümüzü “Müsəlman” sayırıq. “Sən müsəlman deyilsən!” ifadəsini bir təhqir hesab edirik. Bəzən “müsəlman olmayanları” qınayır, aşağılayır, düşüncələrimizdə xor görür və sözlərimizlə alçaldırıq. Günahkarların günahlarını elə ağız dolusu müzakirə edir, mübahisələrə doymuruq ki, sanki elə hey kimisə mühakimə etməyə fürsət axtarırıq.
Rəbbimiz, bir-birimizə hörmət naminə aramızda nalayiq “ləqəblər” qoymamağı əmr edərkən, sadə bir şey kimi kafir, fasiq, zındıq, və sairə kimi ləqəbləri müsəlmanlara heç çəkinmədən yaraşdırırıq.
Biri müsəlmanlar və ya İslam haqda mənfi tonda danışsa ona qarşı hücum çəkməyə və sərt dialoqa girməyə həmişə hazırıq. Amma özümüz əksər hallarda müsəlmanları incidir, əzir və ya əziyyət veririk. Bu azmış kimi bir də oturub bu ümmət üçün bir şeylər çatdırmaq istəyən islam alimlərinin “ətini də yemək”dən həzz alırıq.
Bu mübahisələri apararkəndə, çox vaxt özümüzü unuduruq. Kiminsə etdiyi səhv hərəkətindən ağızdolusu danışır, öz halımızı unuduruq. Kiminsə qüsurundan bəhsetməyin özünün də bir qüsur olduğunu unuduruq. “(Dalda) qeybət edib(üzdə) tənəvuran hər kəsin vay halına!” ayəsini unuduruq. Başqasının gözündə çöp axtararkən öz gözümüzdəki tiri unuduruq. Zənnə qapılmağa bir-birimizin eybini axtarmağa, qeybətini etməyə o qədər başımız qarışıbki, aşağıdakı bu ayəni unuduruq: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heçbir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”
İslama tabe olduğumuzu iddia ediriksə, təqva sahibi olmağımız şərtdir. Təqva, Allaha daha yaxın olmaqdır. Allaha nə qədər yaxın olmağımızı yalnız Allah bilər və yalnız Allah ölçər. O yaxınlığın bir rəngi və ya tonu yoxdur. Kimsə özünü başqalarıyla müqayisədə “daha imanlı”, başqası isə “zəif imanlıdır” deyə hesab etməməlidir. Kimsə özünü daha bilikli və ya elmli saydığına görə, dini biliyi zəif olana “mən irəlidəyəm, o geridədir” düşüncəsiylə yanaşmamalıdır. Geyimi, zikri, namazı, orucu, tez-tez məscidə getməsi, Quran oxumasıyla özünü “təqva sahibi” sayanlar, başqalarına yuxarıdan aşağı baxmamalıdırlar. Allaha yaxın olduğunu sanan bəndə, bunun məsuliyyətindən daha çox titrəməli, doğru yoldan azma təhlükəsinin ona daha yaxın olduğunu bilməli və daha ayıq olmalıdır. Başqalarından əvvəl özünə fikir verən öz qüsurlarını saymaqdan, başqalarının qüsurlarına nəzər yetirməyə vaxt tapmaz, öz eyiblərini bildiyindən xəcalət çəkər və başqalarını qınamağa üzü olmaz. Axı daha az günahkar olan, daha çox günahkar olana niyə düşmən olmalıdır?! Özü də o günaha bata bilməzmi?! Başqasının günahını sadalamaqla özünü niyə təmizə çıxarmalıdır?! Özü günahdan uzaq olduğu üçün qürurlanmaqdansa, Rəbbinə şükür etməlidir.
Quran, uca Allahın bütün insanlığa olan xitabıdır. Quranda buyurulanları etməyə, Qurana uymağa borcluyuq. İnsanları da Qurana tabe olmağa çağırmalı, lakin onların əməllərini Qurana uydurmağa çalışmamalıyıq. Həqiqət bizə aid deyil, biz həqiqətə aid olmalıyıq. Həqiqəti dərk edib, anlayıb, insanları tanımalıyıq, insanları müzakirə edərək həqiqət axtarmamılıyıq. Ümumiyyətlə kiminsə kafir, kiminsə qeyri-kafir olma damğasını vurmaq kimin ixtiyarına verilib ki?! “Günahkar” saydığımız kimsələrin Allahın buyruqlarına əməl etməmələrinə görə çox təəccüblənirik. Çox zaman da “niyə namaz qılmır, niyə oruc tutmur, niyə belə geyinir, niyə belə deyir, niyə belə edir, niyə belə etmir” və sairə kimi gileylər və deyinmələrlə onları qınayırıq. Amma gəlin görək biz özümüz nə dərəcədə Qurana tabe olub onun dediklərini edirik. Doğrudur, namaz dinin dirəyidir. Namaz müsəlmanın əlamətidir. Namazsız bir kimsə meyvəsiz ağac kimidir. Namazsız bir müsəlmanın imanı uçurumdadır, təhlükədədir. Namazsız bir müsəlman qaranlıqda işığı olmayan bir ev kimdir. Amma bütün bunlarla birlikdə namaz qılmaq demək, hər şey demək deyildir. Namaz qılıram, demək ki, cənnətlikəm deyə heç kəs özünü aldatmasın.Əksinə, dünyadaikən namazını qılan, orucunu tutan, zəkatını verən, bununla birlikdə onun-bunun qeybətini edən, kiminsə malını qəsb edən, nahaq yerə qanını tökən kimsənin əsl müflis olduğunu və cəhənnəmə gedəcəyini Peyğəmbərimiz (s.ə.s) bizə bildirmişdir. Namazın möminin həyatındakı yeri haqqında uca Allah buyurur: “… Həqiqətən namaz, (insanı) çirkin və pis əməllərdən çəkindirər…”
Elə isə cənnətə girməyi haqq edən həqiqi müsəlman kimdir? Həqiqi müsəlman, Allahın varlığına və birliyinə inanıb inandığını həyatında tətbiq edən, namazını qılan, orucunu tutan, zəkatını verən, bununla birlikdə çirkin və pis əməllərdən çəkinən, öz qüsurlarını düzəltməklə məşğul olmaqdan başqalarının qüsurlarını görməyən, bütün müsəlmanları özünə qardaş bilən, fitnə-fəsad çıxartmağı adam öldürməkdən daha təhlükəli görən, müsəlmanların qeybətini etməyən, gizli işlərini araşdırmayan, onlara pis ləqəblər qoymayan, müsəlman sayılan hər kəsi Allah üçün sevən kimsədir.
MÜŞFİQ XƏLİLOV