İLİN ƏN FƏZİLƏTLİ GECƏSİ: QƏDR GECƏSİ

0

Qədr gecəsi nədir?

Bildiyimiz kimi, zamanlar və məkanlar orada meydana gələn əhəmiyyətli hadisələrlə dəyər qazanar. Ərəb dilində buna dair bir atasözü vardır: “Şərəfül-məkan bil-məkin”. Yəni məkan öz şərəfinin onun içindəkindən alar. Qədr gecəsi də öz dəyərini və qiymətini Qurani-Kərimin həmin gecədə nazil olmağa başlamasından alır.

Qədr gecəsi bir növ Qurani-Kərimin “ad günü”dür. Çünki məhz həmin gecə dünyaya enməyə başlamışdır. Bunun ən böyük dəlili də “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”,[1] ayəsidir. Digər bir Quran ayəsində də: “Biz onu (Quranı) mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik”,[2] – buyurularaq bu gecəyə işarə olunmuşdur. Yəni ilk dəfə Ramazan ayındakı Qədr gecəsində Peyğəmbərimizə (s.ə.s) Hira mağarasında Cəbrail (ə.s) ilk vəhyi gətirmiş və “Ələq” surəsinin ilk beş ayəsini endirmişdir. Eyni zamanda bu gecə Quranın bütövlüklə Lövhi-məhfuzdan dünya səmasına endiyi və 23 il ərzində tədricən Peyğəmbərimizə vəhy olunduğu da qeyd olunur.

Qədr gecəsinin fəzilətinə gəldikdə, Uca Allah: “Qədr gecəsi min aydan daha xeyirlidir”,[3] – buyurur. Yəni Qədr gecəsində edəcəyimiz ibadət, içində Qədr gecəsi olmayan min ayda edilən ibadətlərdən daha çox savab qazandırar. Eyni zamanda bir qisim təfsirçilər ayədə qeyd olunan “min ay” ifadəsinin kinayəli üslubla çoxluq ifadə etdiyini bildirmişlər.

Qədr gecəsi nə vaxtdır?

İslam alimləri tərəfindən Qədr gecəsinin Ramazan ayının içindəki hansı gün olduğu ilə bağlı 40a yaxın fikir səsləndirilmişdir və bu gecənin hansı gecə olduğu dəqiq bilinmir. Bununla yanaşı Peyğəmbərimiz (s.ə.s): “Qədr gecəsini Ramazan ayının son on günü içində axtarın![4] – buyuraraq bizə yol göstərmişdir. Buna görə də bu gecənin fəzilətindən məhrum qalmaq istəməyən bir müsəlman, xüsusilə, Ramazan ayının son on gecəsinin hər birini Qədr gecəsi kimi ehya etməlidir.

Qədr gecəsini necə keçirməli?

Peyğəmbərimiz (s.ə.s) Qədr gecəsində necə dua edəcəyini soruşan zövcəsi Həzrət Aişəyə (r.ə) belə dua etməsini tövsiyə etmişdir: “اَللَّهُمَّ اِنَّكَ عَفُوٌّ كَرِيمٌ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّى/Ey Allahım! Şübhəsiz ki, Sən əfv edənsən və əfv etməyi sevirsən. Məni də əfv et![5]

Digər bir hədisində isə Allah Rəsulu belə buyurmuşdur: “Fəzilətinə inanaraq və savabını yalnız Allahdan umaraq Qədr gecəsini gözəl əməllərlə keçirənlərin keçmiş günahları bağışlanar”.[6]

Min aydan daha xeyirli bu gecəni sözün əsil mənasında ehya etməyin yolu həmin gecəni məhz Qurani-Kərimin çoxlu tilavət etməkdən keçir. Bu gecənin bir “Quran gecəsi” olduğunu dərk edərək Qədr gecəsinin qədrini bilməliyik. Eyni zamanda bu gecə əfv və məğfirət gecəsi olduğu üçün istiğfar və təsbehat ilə keçirilməlidir. Qulluğumuzun yenidən fərqinə varıb özümüzü hesaba çəkməli və təfəkkür etməliyik. Ən əsası isə çoxlu nafilə namazlarla Uca Allaha yaxın olmağa çalışmalıyıq. Eləcə də dua qapılarının açıldığı bir gecə olduğu üçün hər cür ehtiyacımıza görə Allah-Təalaya əl açıb dua etməliyik. Çünki “O gecə mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir iş üçün (yer üzünə) enərlər[7], ayəsində də buyurulduğu kimi, Qədr gecəsi Cəbrail (ə.s) başda olmaqla mələklər yer üzünə enər və möminlər üçün xeyir-dua edərlər.

 f.f.d. Ələddin Sultanov

[1] Qədr, 97/1.
[2] Düxan, 44/3.
[3] Qədr, 97/3.
[4] Müslim, “Siyam”, 219.
[5] Tirmizi, “Dəavat”, 84.
[6] Buxari, “İman”, 25.
[7] Qədr, 97/4.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AFRİKANIN BƏZİ BÖLGƏLƏRİ DƏHŞƏTLİ ƏRZAQ BÖHRANI İLƏ QARŞI-QARŞIYADIR

Qərbi Afrikada 31 milyon insan dəhşətli səviyyədə ərzaq böhranı ilə qarşı-qarşıyadır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (WHO) bəyanat yayıb. Bəyanatda...

Bağla