ƏDALƏT MÜLKÜN TƏMƏLİDİR

0

“Biz sənə haqq olan Kitabı nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi ilə hökm edəsən. Xainlərdən yana əsla olma!” (ən-Nisa, 4/105).

Məalını qeyd etdiyimiz ən-Nisa surəsinin 105-ci ayəsi və onunla əlaqəli növbəti doqquz ayə olduqca mühüm bir məsələyə – ədalət anlayışına – toxunur. İslam dini ədalətə xüsusi bir baxış bucağından yanaşır, onu əsla ayaq altına atmır. Din, dil, irq, sosial mövqe və statusundan asılı olmayaraq bütün insanları ədalətli olmağa çağırır, həmçinin bir sıra islahedici tədbirlər vasitəsilə cəmiyyətdə ədalətin bərqərar olmasına zəmin yaradır. Ən-Nisa surəsinin 105-ci ayəsinin nazil olmasına səbəb olan hadisə də bu həqiqəti bir daha təsdiqləyir.

Mövzunun mahiyyətini daha dərindən dərk etmək üçün ayələrin səbəbi-nüzuluna qısaca nəzər salmaq məqsədəuyğundur. Belə ki, bir gün Mədinəyə xarici tacirlər gəlir. Rifaa ibn Zeyd adlı bir səhabə onlardan yüksək keyfiyyətli un alır və onu silahları ilə birlikdə evinin zirzəmisində saxlayır. Tumə ibn Ubeyriq adlı bir münafiq bu barədə xəbər tutur və gecə gizlicə evin zirzəmisinə girərək həm unu, həm də silahları oğurlayır. Rifaa hadisədən xəbər tutduqdan sonra vəziyyəti qohumu Qətadə ibn Numana bildirir. Qətadə apardığı araşdırma nəticəsində oğurluğun məhz Tumə ibn Ubeyriq tərəfindən törədildiyini müəyyən edir və Ubeyriq ailəsinin yanına gələrək oğurlanmış malları geri tələb edir. Lakin ailə günahsız bir müsəlman olan Ləbid adlı şəxsi şərləyərək oöurluq hadisəsindən boyun qaçırmağa çalışır. Vəziyyətdən xəbər tutan Ləbid qəzəblənərək qılıncını çəkir və Ubeyriq ailəsinin üzərinə hücum edir. Qorxuya düşən ailə geri çəkilməyə məcbur olur. Zərərçəkənlər baş verənləri Həzrət Peyğəmbərə (s.ə.v.) çatdırırlar. Həzrət Peyğəmbər (s.ə.v.) məsələni araşdıracağını bildirir. Bu zaman Ubeyriq ailəsi qurduqları yalançı planın ardınca gedərək Həzrət Peyğəmbərin (s.ə.v.) yanına adam göndərir və Qətadənin onlara böhtan atdığını, iddiasını sübut edəcək hər hansı bir dəlilin olmadığını bildirirlər. Həzrət Peyğəmbər (s.ə.v.) bu məlumat əsasında Qətadəni yanına çağıraraq onu danlayır. Qətadə isə Rifaanın yanına dönüb baş verənləri danışır. Rifaa bu zaman “İşimiz Allaha qalıbdır.” – deyir. Ardınca isə yuxarıda qeyd edilən ayə və onunla əlaqəli ayələr nazil olur.

Nazil olan ayələr Ubeyriq və onun ailəsinin günahsız bir insana böhtan atdıqlarını, yalan yerə şahidlik etdiklərini və oğurluq etməklə qul haqqına girdiklərini açıq şəkildə bəyan edir. Ubeyriq ailəsinin yalanları ifşa edildikdən sonra onlar Mədinədən qaçaraq müşriklərin sırasına qoşulurlar. Tumə ibn Ubeyriq isə daha sonrakı bir oğurluq cəhdi zamanı divarın altında qalaraq həlak olur.

Bu hadisədən belə bir nəticə çıxarmaq mümkündür: ilahi ədalət mütləq şəkildə mövcuddur və insan etdiyinin qarşılığını mütləq alacaqdır. Allahın ədaləti yalnız fərdi səviyyədə deyil, həm də cəmiyyətin rifahı və davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır. Cəmiyyətin sağlam və möhkəm təməllər üzərində qurulması ədalətin bərqərar olmasına bağlıdır. Ədalət yalnız qayda pozuntusunu aradan qaldırmaqla kifayətlənmir, həm də insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.

İnsan ən çox ədalətin təsiri ilə istiqamətlənir. Sağlamlıq problemi olmayan bir şəxs sağlamlığın dəyərini, hüquqları pozulmayan bir şəxs isə ədalətin əhəmiyyətini tam şəkildə dərk edə bilməz. Ədalətin təmin olunması gələcək nəsillərin xoşbəxt və sabit bir cəmiyyətdə yaşamasına zəmin yaradır. Məhz Qurani-Kərim belə bir ideal insan nəsli yetişdirmək üçün ilahi qanunları özündə cəmləşdirmişdir. İlahi kitabın səhifələrini vərəqləyən hər bir şəxs orada xeyirdən başqa heç nə tapmayacaqdır…

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Cevdet Yılmaz bütün dövlətləri İsrail parlamentinin qərarını qınamağa çağırıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İsrail parlamentinin (Knesset) ölkə qanunvericiliyinin İordan çayının Qərb sahilinə şamil edilməsi haqqında qanun layihəsi qəbul etməsini...

Bağla