Qafqaz Müsəlmanları İdarəsi sədrinin Birinci müavini Müfti Salman Musayev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfirliyini ziyarət edib.
Əfqanıstanın ölkəmizdəki Müvəqqəti işlər vəkili cənab Məhəmməd Faysal tərəfindən qarşılanan Müfti Salman Musayev Əfqanıstanın Hindukuş bölgəsində baş verən dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatına görə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Əfqanıstan dövlətinə və xalqına başsağlığını çatdırıb və matəm kitabına ürək sözlərini yazıb.
Görüşdə təbii fəlakət zamanı həyatını itirənlərin ruhlarına Quran ayələri oxunub, yaralıların tezliklə şəfa tapması üçün dualar edilib.
Cənab Məhəmməd Faysal Şeyxülislam həzrətlərinin və Qafqaz Müsəlmanları İdarəsinin verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirdiyini bildirib, QMİ sədrinə təşəkkürlərini çatdırmağı xahiş edib.
Görüş iştirakçıları dağıdıcı zəlzələnin yaratdığı problemlərin tezliklə arandan qaldırılması, Əfqanıstanın çiçəklənməsi və ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün dua ediblər.