Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi “icazəsiz həcc”ə qarşı aparılan yoxlamalar çərçivəsində 75 mindən çox insanın həcc qaydalarını pozduğuna görə geri göndərildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyinə bağlı İctimai Təhlükəsizlik Müdiri, general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə mətbuat konfransı keçirib.
Yaşayış icazəsi olan, lakin həcc sənədi olmayan təxminən 270 min adamın Məkkəyə buraxılmadığını bildirən Bassami, həcc qaydalarını pozduğu üçün 75 min 943 nəfərin geri göndərildiyini qeyd edib.
Səlahiyyətlilər, builki həcc dövründə təhlükəsizliyin təmin edilməsi üçün pilotsuz uçuş aparatları, süni intellekt dəstəkli analiz sistemləri və müşahidə kameraları da daxil olmaqla qabaqcıl texnologiya sistemlərinin istifadəyə verildiyini açıqlayıb.
Dövlət Təhlükəsizliyi Prezidentliyinə bağlı Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Məhəmməd əl-Umri müqəddəs yerlərə icazəsiz girişin qarşısını almaq və izdihamın təhlükəsiz idarə olunmasını təmin etmək üçün bu il sahədə ətraflı planların həyata keçirildiyini bildirib.
Mülki Müdafiə Direktoru general-mayor Hamud əl-Fərc bu il ilk dəfə olaraq yanğınsöndürmə və xilasetmə missiyaları üçün “Sakr (Şahin)” adlı xüsusi pilotsuz təyyarələrdən istifadə ediləcəyini açıqlayıb.
Pasport departamentinin baş direktoru general-mayor Salih əl-Murabba 2025-ci ilin Həcc mövsümü öncəsi xaricdən gələn zəvvarların sayının indiyədək 1 milyon 475 mini keçdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı Kral Salmanın xüsusi qonaq proqramı çərçivəsində İordan çayının qərb sahilindən gələn ilk 500 nəfərlik zəvvar qrupunu, o cümlədən fələstinli şəhidlərin yaxınları, məhbuslar və yaralıları qarşılayıb. Proqram çərçivəsində ümumilikdə 1000 fələstinli zəvvar qəbul ediləcək.