Qazaxıstan və Türkiyə prezidentləri Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qazaxıstan neftinin ixracının artırılması perspektivlərini müzakirə ediblər.
“Report”un Akorda-ya istinadən verdiyi məlumata görə, bu, iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası zamanı müzakirə olunub.
Tərəflər enerji sahəsində əməkdaşlığa toxunublar. Tokayev türk şirkətlərini elektrik enerjisi kəsirinin azaldılmasına yönəlmiş layihələrdə iştirak etməyə dəvət edib. O, həmçinin “KazMunaiGas” və “Turkiye Petroleum” arasında əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.
Görüş zamanı hər iki tərəf Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, ticarətin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə də toxunub.