ÜMİD PSİXOLOGİYASI

0

Ümid yaşamaqdır. Ümid yaşamağı yaşatmaqdır. Bəlkə də elə həyat özü başdan başa ümiddir. Necə deyərlər bir yerdə yaşam varsa orda ümid də vardır. Dini inancından və düşüncəsindən asılı olmayaraq hər bir fərdin genetik kodlarında var olan duyğudur ümid duyğusu. Sabaha çıxacağımızı bilmədiyimiz halda zəngli saatı qurub yatmaqdır ümid.

 Ümid termini ilə bağlı müxtəlif görüşlər və fərqli nəzəriyyələr var. Ümid insanları hərəkətə gətirən, məqsədlərinə çatmaq üçün hərəkətverici qüvvə kimi çıxış edən və hər şeyin yaxşı olacağına inamımızı gücləndirən ən mühüm duyğulardan biridir.

Staats və Stassenin fikrincə, ümid; gələcəklə bağlı  müsbət fikirlərin, gələcəklə bağlı mənfi fikirlər üzərində üstünlük təşkil etməsidir.  Zournaziyə görə ümid insanın dünyaya olan inamını formalaşdırır və həyatın yaşamağa dəyər olduğunu insana qəbul etdirir. Ümid, gələcəklə bağlı müsbət hiss və düşüncələrə sahib olmaqdır. Psixologiyada ümid anlayışının öndə gedən tədqiqatçılarından biri olan Snyder “ümid ağılın göy qurşağıdır” deyərək ümidi çox poetik bir şəkildə ifadə edir.

Ümid həm koqnitiv, həm də affektiv elementlərdən ibarətdir. Snayderin Ümid Nəzəriyyəsinə məqsədlər, yollar və seçim azadlığı daxildir. Onun fikrincə, insanların ümidlə əlaqələndirə biləcəyi ən azı üç komponent vardır. Bunlar: Dağınıq deyil, bir nöqtəyə fokuslanmış düşüncələrə sahib olmaq, qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün əvvəlcədən strategiyalar hazırlamaq və bu məqsədlərə çatmaq yolunda lazım olan səyləri göstərmək üçün motivasiyalı olmaqdır. Fərd yuxarıda sadalanan komponentlərə nail olmaq üçün öz qabiliyyətlərinə nə qədər çox inanarsa, ümid hissini inkişaf etdirmək şansı bir o qədər çox olar.

Eric Fromma görə isə ümid istəmək, istəkləri yerinə yetirmək üçün yeni yollar tapmaq və təslim olmamaqdır. Bu səbəblə həyatda qarşılaşlan çətinliklərin öhdəsindən gəlmək, mənfi situasiyaları yaxşılaşdırmaq və xəyalları gerçəkləşdirmək üçün ümidli olmaq çox vacibdir. Ümid etmək insanı aktivləşdirirsə faydalıdır, kortəbii təslimiyyətə və fəaliyyətsizliyə səbəb olursa faydasından söhbət gedə bilməz. Artıq mövcud olan və ya heç vaxt olmayacaq bir şeyə ümid etməyin mənası yoxdur. Ümid yox olduqda, həyat faktiki və ya gizli (potensial olaraq) bitmişdir. Ümid həyatın təbiətində, insan ruhunun dinamikasında olan bir elementdir.

Ümidlə yaşayan təkcə fərd deyil. Millətlər və sosial təbəqələr də ümid, iman və müqavimət gücü ilə yaşayırlar. Əgər bu gizli gücü itirsələr, ya canlılıqlarının olmaması, ya da inkişaf etdirdikləri irrasional dağıdıcılıq səbəbindən məhv olurlar.

Təhsildə ümid uğura çatdırır, iş həyatında ümid işin məhsuldarlığını artırır, sosial münasibətlərdə ümid ətrfa dost yığır, fiziki və psixoloji xəstəliklərdə isə ümid insanın realibitasiyasında mühim rol oynayır. Həyatda yaşamaq, çətinliklərə boyun əyməmək və uğur qazanmaq istəyiriksə ümidimiz acımızdan daha böyük olmalıdır.

Dini nöqteyi-nəzərindən də baxdığımız zaman görürük ki, İslam dinində  ümidsizlik qəbul edilməzdir. İslam dini müsəlmanlara ümidsizliyi qadağan edir. Allah mütləq var edəndir. O, ol dediyi zaman hər şey olur. İslam dini fərdin qorxu və ümid arasında olması lazım olduğunu bildirir. Xovf və rəca, yəni qorxu və ümid, möminin qəlbində həmişə olması lazım olan bir qulluq tarazılığıdır. Yəni möminin qəlbində Allahın razılığından və məhəbbətindən məhrum olmaq və qəzəbinə düçar olmaq qorxusu ilə; Onun sonsuz mərhəmətinə və bağışlamasına nail olmaq ümidi həmişə balanslı şəkildə olmalıdır. Mömin son nəfəsinə qədər bu qəlbi ahəngini qorumalıdır. Çünki Qurani-Kərimdə və hədisi-şəriflərdə Cənnətə bir qarış qalmış  İlahi əzaba düçar olanlar və bunun əksinə, Cəhənnəmə bir qarış qalmış İlahi rəhmətə nail olanlar xəbər verilmişdir.

Ən böyük ümid sahibləri isə peyğəmbərlərdir. Həyatlarında qarşılaşdıqları ən çətin imtahanlar qarşısında belə ümidsiz olmayanlardı onlar. Canları, malları və övladları ilə sınandıqları zaman Allahdan ümidlərini kəsmədən yollarına davam edənlər. Hz. İbrahim (a.s), Hz. İsmayıl (a.s), Hz. Yaqub (a.s), Hz. Yusif (a.s)-in  qissələri isə hər birimiz üçün bir ümid qaynağıdır. 

Son olaraq unutmayın! Xoşbəxt olmaq ümidli olmaqdır. İnsan sahib olduqlarını itirdiyi zaman deyil, ümidini itirdiyi zaman müflis olur. Bu dünyanın nə qəmi baqidir, nə də ki dəmi deyərək bu da keçər ya hu deyə bilməkdir ümidli olmaq.  

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏZZA SƏHİYYƏ NAZİRLİYİ: ÖLƏN FƏLƏSTİNLİLƏRİN SAYI 65 MİNİ KEÇİB

İsrail-HƏMAS münaqişəsində həlak olan fələstinlilərin sayı 65 min nəfəri keçib. "Report" "Associated Press" agebtliyinə istinadən xəbər verir ki, bu barədə...

Bağla