ALLAH BİZƏ NƏYİ VƏD EDİR?!

0

İslam elə bir dindir ki, Allah-Təalaya itaət edənləri, onun tək Yaradıcı olduğunu qəbul edənləri bir araya gətirir və təslim olan mənasına gələn “müsəlman” adı ilə adlandırır. İnanan fərdin düşüncəsi ilə məsələyə yanaşdıqda Allaha iman etmək qurtuluş, axirət səadəti, cənnət nemətlərinə çatmaq, cəhənnəm əzabından qorunmaq və s. nemətlərin bəxş edildiyi xüsusi bir məqamı ifadə edir. Bir də inanmayan və ya fərqli bir inanca sahib şəxsin nəzərindən məsələni ələ alaq. Ayrı-ayrı doqmaları mənimsəyən bu şəxslər üçün İslam mühim bir din kimi görünməyə bilər. Ancaq Qurani-Kərimi oxuyaraq Uca Yaradanın ayələrinə obyektiv yanaşan şəxsin İslama olan mənfi münasibəti mütləq dəyişəcəkdir. Sual yarana bilər ki, bəs, bir çox şəxs Qurani-Kərim oxuduğunu iddia etdiyi halda niyə İslam dairəsində girmir? Bu sual fərqli şəkillərdə cavablandırıla bilər. Lakin bizə görə bu məsələnin arxasında “təkəbbür” adlı vəhşi bir canavar vardır. Təkəbbür şeytanın Allaha üsyan etməsinə səbəb olan qavrayışdır. Xatırlayaq! Allah-Təala şeytana Həzrət Adəmə ehtiram mahiyyətində təzim etməsini əmr edəndə təkəbbürlü bir şəkildə bu əmrdən imtina etmiş və Allahın rəhmətindən uzaqlaşmışdır (əl-bəqərə, 2/34; əl-Əraf, 2/11, 13). Bu da təkəbbürün insanın gözünü pərdələyərək həqiqəti inkar etməyə vadar edəcəyini göstərir. Məsələyə bir də fərqli bir prizmadan yanaşaq; məşhur riyaziyyat professoru Con Lennoksa görə fəlsəfə elmdən əvvəl gəlir. Məsələn, faunayla məşğul olan ateist elm xadimi (bioloq) üçün tədqiqat obyekti təkamül nəzəriyyəsinin doğruluğunu isbat etməyə xidmət edir. İnanclı bir insan isə ətrafında gördüyü hər şeyi Uca Yaradanın bir əsəri olaraq qəbul edir. Çünki o, bunların təsadüf məhsulu olmadığını bilir. Deməli, mənimsədiyimiz doqmalar əslində düşüncə dünyamıza yön verən əsas faktorlardan biridir. Allah-Təala insanlara zehni azadlıq vəəd edir. Vəədin reallaşması üçün insanın Uca Yaradanın təkliyini qəbul etməsi kifayətdir. Bu da İslamı fərdləri əsarət zəncirləri ilə qandallayan cürbəcür düşüncə sistemlərindən ayrılır. İnsana arzuladığı və çatmaq istədiyini verir – yəni – azadlıq bəxş edir.

Məsələyə obyektiv yanaşan insanlarla müsəlmanlar məhz Allaha iman nöqtəsində gec və ya tez birləşirlər. İçində yaşadığımız əsrdə söylədiklərimizi təsdiq edən bir çox nümunə mövcuddur. Belə ki, mşhur ingiltərəli müsiqiçi Ket Stivns Qurani-Kərim oxuyaraq müsəlman olmuş və adını Yusif İslam olaraq dəyişdirmişdir. Yusif İslam müsəlman olduqdan sonraki ilk günlərini belə xatırlayır: “Özümü o qədər azad hiss edirdim ki, az qala uçurdum.” Məhz bu sözlər Allaha imanın insana azadlıq bəxş etdiyinin ən gözəl nümunəsidir. Allah Yusif İslamı İslamla ucaltmışdır. Biz müsəlman ana-atanın övladı olaraq dünyaya gəlmişik. İslam dairəsində olduğumuz üçün əlimizdəki müqəddəs dəyərləri qavraya bilmirik. Lakin azadlığın necə bir hiss olduğunu Yusif İslam bizə öyrədir. Zehni azadlıq və xoşbəxt gələcək üçün tək bir cümlə kifayət edir; “Əşhədu ən la ilahə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluh. (Allahdan başqa ilah yoxdur. Muhəmməd onun qulu və elçisidir.)”

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfər edəcək. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türk Dövlətləri...

Bağla