BİLİKDƏN İMANA

0

Ramazan ayı hər şeydən əvvəl bir “Quran mövsümü”dür. Kainatın əbədi günəşi olan Qurani Kərimin yer üzünə enməyə başladığı bu mübarək zaman dilimi, bəşəriyyətin qaranlıqdan nura çıxışının ildönümüdür. Uca Rəbbimiz Bəqərə surəsinin 185-ci ayəsində bu həqiqəti belə bəyan edir: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir.” Bu ayə bizə pıçıldayır ki, Ramazan Quranın zərfi, Quran isə Ramazanın cövhəridir.

Lakin Quranla münasibətimizdə ən mühüm məqam, biliyin imana çevrilməsidir. Bilik beyində qaldıqda sadəcə bir məlumat yüküdür. O, yalnız qəlbə endikdə nura və imana çevrilir. Çox bilmək və çox oxumaq kamil bir iman üçün kifayət deyildir. Əsl məqsəd, insanın bildiklərinə ürəkdən inanması və onları həyatına daşımasıdır. Çünki insan sadəcə bildiklərini deyil, həqiqətən inandıqlarını yaşayar. Şeytanların zəncirləndiyi bu ayda hər bir mömin sahib olduğu dini bilikləri beynindən qəlbinə endirməli, yəni “bilgisini imanlaşdırmalıdır”.

Vəhy mələyi Cəbrayıl (a.s) ilə Sevgili Peyğəmbərimizin (s.a.s) hər il Ramazanda görüşərək Quranı qarşılıqlı oxumaları, yəni “muqabələ” sünnəsi (Buxari, Bədül-Vəhy 5), bizə Quranla diri qalmağın yolunu göstərir. Bu ənənə sadəcə sözlərin təkrarı deyil, ilahi kəlamın ruhuna nüfuz etmək cəhdidir. Ramazan gecələri sadəcə tərəvih namazı ilə deyil, həmçinin Quran oxumaq, onun mənası üzərində təfəkkür etmək, zikr və istiğfarla qəlbi cilalamaqla ihya edilməlidir. Peyğəmbər Əfəndimiz (s.a.s) buyurur: “Kim Ramazan gecələrini inanaraq və mükafatını yalnız Allahdan gözləyərək ibadətlə (namaz, Quran, zikr) keçirərsə, keçmiş günahları bağışlanar.” (Buxari, İman 37).

Quranı oxumaq və anlamaq, eyni zamanda bir mənəvi təmizlənmə (təzkiyə) prosesidir. İnsan Allahın kəlamına yönəldikdə öz nöqsanlarını görür, tövbəyə sığınır və yenidən doğulmaq üçün fürsət qazanır. Bu ayda hər bir ayə qəlbimizə enən bir şəfa damlasıdır. Əgər biz Quranın ayələrini qəlbimizə endirə bilsək, qəlbimiz “beytullah” (Allahın evi) olar və orada heç bir fani sevgi və ya mənfi duyğu özünə yer tapa bilməz.

Unutmayaq ki, Quran qiyamət günü onu oxuyanlara və yaşayanlara şəfaətçi olacaqdır (Müslim, Müsafirin 252). Bu mübarək ay, quru bir məlumat yığınına deyil, qəlbi dirildən bir imana sahib olmaq üçün ən böyük fürsətimizdir. Allahın kəlamı ilə aydınlanan qəlblər heç vaxt zülmətdə qalmaz.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan İran və İsrail-ABŞ müharibəsinin dayandırılmasına çağırış edib

İran və İsrail-ABŞ müharibəsi bölgəni tamamilə bürümədən dayandırılmalıdır. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və...

Bağla