İslam dini fərdin mənəvi təkamülü qədər, cəmiyyətin huzur və rifahını da əsas götürür. Bu səbəbdən, fərdi bir ibadət olan oruc, cəmiyyətdə bir həmrəylik olan “infaq” (Allah yolunda xərcləmə) ilə taclandırılmışdır. Rəbbimiz Qurani-Kərimdə oruc tutmağa fiziki olaraq gücü çatmayanların (qocalıq və ya xroniki xəstəlik kimi səbəblərlə) bu ibadəti bir yoxsulu doyuraraq əvəz etmələrini əmr etmişdir: “Oruc tutmağa gücü çatmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər.” (Bəqərə surəsi, 184). Bu vəziyyət, ibadətin sadəcə bədənsəl bir əməl olmadığını, eyni zamanda iqtisadi bir paylaşma kanalı açdığını göstərir.
Sədəqə verən möminlərin axirətdəki məqamını müjdələyən Uca Allah, Əhzab surəsinin 35-ci ayəsində belə buyurur: “…sədəqə verən kişilər və sədəqə verən qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.” Bu mükafatın böyüklüyü, insanın sadəcə pulundan deyil, əslində nəfsinin xəsisliyindən və maddiyyata olan həddindən artıq bağlılığından vaz keçməsi ilə bağlıdır. Peyğəmbərimiz (s.a.s) isə bu səxavətin ən canlı nümunəsidir. İbn Abbas (r.a.) onun bu halını belə təsvir edir: “Allahın Rəsulu insanların ən səxavətlisi idi. Xüsusilə Ramazanda Cəbrayıl (a.s) ilə görüşdüyü zaman, xeyir gətirən bərəkətli küləkdən daha səxavətli davranardı.” (Müslim, Fəzail 50).
Sədəqə və fitrə zahirən malı azaltsa da, həqiqətdə onu mənəvi çirklərdən təmizləyir və bərəkətləndirir. Allah Rəsulu bu həqiqəti belə xəbər verir: “Sədəqə verməklə mal əksilməz.” (Müslim, Birr 69). Üstəlik, bu paylaşımlar sadəcə dünyəvi bir yardım deyil, həm də mənəvi bir qorumadır: “Sədəqə Rəbbin qəzəbini söndürər və insanı pis ölümdən uzaqlaşdırar.” (Tirmizi, Zəkat 28/664). İnfaqın bərəkəti o qədər genişdir ki, sadəcə mal sahibi deyil, xeyrə vəsilə olan hər kəs bu savabdan pay alır: “Allah bir tikə çörək vəsiləsilə üç nəfəri Cənnətinə qoyar: Sədəqəni əmr edən ev sahibi, onu hazırlayan xanımı və yoxsula çatdıran xidmətçi.” (Heysəmi, III, 112).
Ramazan ayının xüsusi bir borcu olan fitrə sədəqəsi isə ayrıca bir önəmə sahibdir. Abdullah İbn Ömər (r.a.) rəvayət edir ki: “Peyğəmbər (s.a.s) fitrə sədəqəsini kölə, hürr, kişi, qadın, kiçik və böyüklərə fərz qılmış və bayram namazına çıxmazdan əvvəl verilməsini əmr etmişdir.” (Buxari, Zəkat 76). Fitrə oruclunun bilmədən etdiyi xətalar üçün bir təmizlənmə vəsiləsi, yoxsulun isə bayram sabahına aç girməməsi üçün bir can suyudur.
Gəlin, bu mübarək günləri fürsət bilib “Yarım xurma ilə də olsa, özünüzü atəşdən qoruyun” (Buxari, Ədəb 34) tövsiyəsinə əməl edək. Unutmayaq ki, bir yetimin üzündəki təbəssüm, Rəbbimizin rızasına aparan ən qısa yoldur.
Rəşad Manafov



