İNSAN NƏ İLƏ YAŞAYIR?

0

Aləmlərin Rəbbi olan Allah kainatı və kainatda mövcud olan hər şeyi müəyyən bir nizam üzrə yaratmışdır. Yaradılışın özünəməxsus bir qayəsi vardır. Canlı və cansız bütün varlıqlar bu qayəyə xidmət edir. İnsan isə varlıqlar aləmində fərqli bir mövqeyə malikdir. Onun sahib olduğu xəlifəlik məqamı böyük bir məsuliyyət tələb edir. Lakin insan bəzən sanki heç bir məsuliyyəti yoxmuş kimi həyatını davam etdirir. Bu halda cavablandırılması vacib olan bir sual ortaya çıxır: “İnsan nə ilə yaşayır?”

Bu suala müxtəlif şəkildə cavab vermək mümkündür. Hətta hər bir insanın bu suala verəcəyi cavab onun həyat təcrübəsinə, əldə etdiyi biliklərə və sahib olduğu xüsusiyyətlərə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Unutmamalıyıq ki, insanların bu məsələyə fərqli yanaşmaları ixtilaf deyil, əksinə, bir rəhmətdir. Rəhmət isə öz növbəsində qarşılıqlı sevgi, hörmət və anlayışın formalaşmasına zəmin yaradır.

Bu girişdən sonra sualımıza cavab verməyə çalışaq. Əslində insan cəmiyyətin ayrılmaz bir üzvüdür. O, bir tərəfdən cəmiyyətin içində yaşayır, digər tərəfdən isə öz fərdiliyini qoruyur. Çünki cəmiyyəti formalaşdıran da məhz insanın özüdür. Deməli, insan fitrəti etibarilə tamamilə təcrid olunmuş bir həyatı qəbul etmir. Bəzi insanlar dünyadan uzaqlaşmağa və tənhalığa çəkilməyə çalışsalar da, müəyyən bir mərhələdən sonra yenidən cəmiyyətə qayıtmağa məcbur olurlar. Bizə görə insan sahib olduğu dəyərlər ölçüsündə yaşayır. Bu fikri bir qədər də açıqlayaq.

Din insanları hidayətə çatdırmaq üçün göndərilmişdir. İnsan dini dəyərlərə və əxlaqi normalara riayət etdikcə mənəvi baxımdan inkişaf edir. İslama görə insan dini həqiqətləri və gözəl əxlaq prinsiplərini başqalarına çatdırmağa çalışmalıdır. Bu təbliğin əsas meyarları arasında xoş rəftar, şirin dil, gözəl söz və insanlara Yaradanın yaratdığı varlıqlar kimi dəyər vermək mühüm yer tutur. Belə ki, Allah-Təala Həzrət Musanı (ə.s.) Fironun yanına göndərərkən ona yumşaq və gözəl sözlə danışmağı tövsiyə etmişdir. Buna görə də demək olar ki, insanın fərdi inkişafı son nəticədə cəmiyyətin inkişafına xidmət edir. Cəmiyyətin daha sağlam və əlverişli bir vəziyyətə gəlməsi insanın yerinə yetirdiyi missiyanın müsbət nəticələndiyini göstərir.

İnsan dəyərlər məcmusudur və həyatını sahib olduğu dəyərlər əsasında formalaşdırır. Məhz buna görə də insanların həyata və hadisələrə baxışı fərqli olur. Məsələn, bir usta ağaca baxdıqda onu tikinti materialı kimi görür, təfəkkür sahibi bir insan orada Allahın qüdrət və hikmətinin təzahürünü müşahidə edir, bioloq isə həmin ağacda fotosintez prosesini görür. Bu fərqli baxışların formalaşmasına səbəb insanların malik olduqları dəyərlər, biliklər və düşüncə tərzidir. İnsan niyə belə davranır? Çünki onun həyata baxışını formalaşdıran dəyərlər hansı istiqamətdə inkişaf edirsə, dünyanı dərk etməsi də həmin istiqamətdə şəkillənir.

Təbii ki, bu yanaşma müəyyən mənada subyektiv xarakter daşıyır. Başqa insanların bu suala fərqli cavablar verməsi də tamamilə təbiidir. Nəticə etibarilə, yuxarıda cavablandırmağa çalışdığımız “İnsan nə ilə yaşayır?” sualı müəyyən dərəcədə subyektiv yanaşmalara açıqdır. Lakin bu məsələdə ifrata varmaq və fərqli düşüncələrə qarşı haqsızlıq etmək doğru deyildir. Çünki İslam insana hər işdə orta yolu tutmağı və tarazlığı qorumağı tövsiyə edir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Sabah Azərbaycanda 36 dərəcə isti olacaq

Azərbaycanda iyunun 18-də 36 dərəcə isti gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin...

Bağla