ƏDALƏTİN TƏMƏL DAŞI

0

İslamda ədalət anlayışının təməlində “misil” – yəni misli ilə qarşılıq vermə prinsipi dayanır. Bu prinsip, insanın etdiyi hər bir əmələ uyğun qarşılıq alacağını bildirir. Qurani-Kərimdə bu haqda belə buyurulur: “Kim zərrə qədər yaxşı bir iş görmüşsə, onu görəcək, kim də zərrə qədər pis bir iş görmüşsə, onu görəcəkdir” (Zəlzələ, 7–8). Bu ayə göstərir ki, insanın ən kiçik əməlləri belə diqqətdən yayınmır və haqq-hesab günü tam ədalətlə qiymətləndirilir.

Allahın mərhəməti səbəbilə yaxşı əməllər on misli ilə mükafatlandırılır, pis əməllər isə yalnız bir misli ilə cəzalandırılır: “Kim yaxşı bir əməl gətirsə, ona on misli vardır. Kim pis bir əməl gətirsə, yalnız onun misli ilə cəzalandırılar” (Ənam, 160). Bu, Allahın ədalət və mərhəmətinin vəhdətini göstərir. Hər kəs öz əməlindən məsuldur: “Heç bir günahkar başqasının günahını daşımaz” (Ənam, 164), “İnsan üçün öz əməlindən başqa bir şey yoxdur” (Nəcm, 39). Qisas qanununda da bu prinsip qorunur. Zərər nə qədərdirsə, qarşılıq da o qədər olmalıdır. Quranda deyilir: “Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir” (Nəhl, 126). Peyğəmbərimiz (s.ə.s) Uhud döyüşündə əmisi Həmzənin şəhid edilməsinə qarşı qisas almaq istədikdə, bu ayə nazil oldu və o, misli ilə cavab verməklə kifayətləndi.

Axirət günü isə tam ədalət bərqərar olacaq. İnsan öz əməllərindən boyun qaçıra bilməyəcək. Quranda bu barədə belə buyurulur: “Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri danışar, ayaqları isə şəhadət verər” (Yasin, 65), “Qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir” (Fussilət, 20).

Dünyada baş verən hadisələr də bu prinsipin təzahürüdür. Müxtəlif cəmiyyətlər zaman-zaman qıtlıq, xəstəlik, müharibə kimi imtahanlarla üzləşirlər. Quranda bu barədə deyilir:
“Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri ayırd etsin və içərinizdən şəhidlər seçsin” (Ali-İmran, 140).

Nəticə etibarilə, “misil” prinsipi ilahi ədalətin təməl daşıdır. İnsan bu dünyada etdiyi hər bir əmələ görə cavabdehdir və axirətdə tam haqq-hesabla qarşılaşacaq. Bu prinsip, insanı məsuliyyətli, ədalətli və vicdanlı yaşamağa təşviq edir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev TBMM sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul...

Bağla