Gənclər analitik düşüncələrini və qərarvermə bacarıqlarını inkişaf etdirməlidir.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov VI “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində deyib.
Onun sözlərinə görə, süni intellektin və rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə gənclər, gələcəyin rəhbər kadrları fasiləsiz təhsili həyat tərzinə çevirməlidirlər:
“Onlar bilik və bacarıqlarını daim təkmilləşdirərək özlərini dövlətə, cəmiyyətə, özəl sektora və beynəlxalq mühitə daha peşəkar şəkildə təqdim etməlidirlər. Süni intellekt son dövrlər həm Azərbaycanda, həm də dünyada ən çox müzakirə olunan anlayışlardan birinə çevrilib. Bu ifadənin ən vacib sözü “süni” deyil, “intellekt” sözüdür. Ona görə də gələcək fəaliyyətinizdə istifadə etdiyiniz alətlər istər süni intellekt texnologiyaları olsun, istərsə də ənənəvi yanaşmalar, əsas olan öz intellektinizi, analitik düşüncənizi və qərarvermə bacarığınızı daim inkişaf etdirməkdir. Texnologiya insanı əvəz etmək deyil, onun imkanlarını daha da genişləndirmək üçündür”.



