İslam ilk nazil olduğu gündən etibarən bütün insanların dünya və axirət səadətini hədəfləyən universal bir din olmuşdur. Onun daşıdığı xüsusiyyətlər təkcə Həzrət Peyğəmbərin (s.ə.v.) həyatını dəyişdirməmiş, eyni zamanda bütün bəşəriyyətə xitab edən bir ilahi mesaj kimi nazil olmuşdur. Belə ki, ilk vəhyin əzəməti qarşısında həyəcan və qorxu keçirən Allah Rəsulu (s.ə.v.) evinə qayıtdıqda Həzrət Xədicənin (r.ə.) onu tərəddüdsüz şəkildə təsdiqləməsi göstərir ki, ilk müsəlmanlar İslamın daşıdığı universal mesajın mahiyyətini hələ nəzəri olaraq tam dərk etməsələr də, onu məhdud və ya müəyyən bir qrupa aid çağırış kimi qəbul etməmişdir (Kotan; 2021, 11-14).
İslamın universal xarakterini onun əleyhdarlarının mövqeyində də müşahidə etmək mümkündür. Düşmənçilik bir tərəfdən müəyyən bir ideyaya qarşı çıxmağı ifadə edirsə, digər tərəfdən həmin ideyanın cəmiyyət daxilində yayılmasının ən mühüm göstəricilərindən biri hesab oluna bilər. Məsələyə bu prizmadan yanaşaraq, az tanınan, lakin İslamın ilk gündən etibarən bütün insanlara xitab edən bir din olduğunu göstərən şəxslərdən biri haqqında məlumat vermək istəyirik. Həmin şəxs Əhnəs ibn Şərik əs-Səqəfidir.
Əhnəs ibn Şərik Taifdən olan Səqif qəbiləsinə mənsub idi. Sonralar qəbiləsindən ayrılaraq Məkkəyə köçmüşdür. İslam zühur etdikdən sonra Həzrət Peyğəmbərə (s.ə.v.) qarşı düşmənçilik etməyə başlamış, müsəlmanlara ağır zülmlər edərək İslamın yayılmasının qarşısını almağa çalışmışdır. Qısa müddət ərzində Məkkənin nüfuzlu şəxslərindən birinə çevrilmişdir. Məkkəlilərin təzyiqləri səbəbindən dəstək tapmaq məqsədilə Taifə gedən Həzrət Peyğəmbər (s.ə.v.) Məkkəyə qayıdarkən Əhnəs ibn Şərikin himayəsində şəhərə daxil olmaq istəmiş, lakin o, bu təklifi qəbul etməmişdir (Önkal; 1989, 2/174–175).
Tarixi mənbələrə görə, Əhnəs ibn Şərik Məkkənin fəthi günü müsəlman olmuşdur. Həzrət Peyğəmbər (s.ə.v.) onu müəlləfeyi-qülub sırasına daxil etmiş, qəlbini İslama isindirmək məqsədilə zəkat və qənimətlərdən pay ayırmışdır. Mənbələrdə qeyd olunduğuna görə, o, sonradan dindən çıxaraq İslama qarşı düşmənçiliyini davam etdirmişdir. Hətta bəzi rəvayətlərdə onun müsəlmanlara zərər verdiyi, əkin sahələrini, otlaqları və heyvanları tələf etdiyi bildirilir. Bununla yanaşı, İbn Həcər və İbn əl-Əsir kimi İslam alimləri onun sonradan tövbə etdiyini, yenidən İslama qayıtdığını və buna görə də səhabələr sırasında yer aldığını qeyd etmişlər (Önkal, 1989, 2/174–175).
Məşhur dövlət xadimi və mütəfəkkir Əhməd Cövdət Paşa əl-Bəqərə surəsinin 204-cü ayəsinin Əhnəs ibn Şərik haqqında nazil olduğunu, 204–205-ci ayələrin isə onun fitnə-fəsad törədən əməllərinə işarə etdiyini bildirmişdir. Əhməd Cövdət Paşanın fikrinə görə, Əhnəs ibn Şərik Həzrət Peyğəmbərin (s.ə.v.) yanına gələr, gözəl danışar, İslam haqqında xoş sözlər söyləyər, lakin onun yanından ayrıldıqdan sonra müsəlmanlara zərər verəcək əməllər törədərdi.
Əslində, Əhnəs ibn Şərikin bu xüsusiyyətləri onu münafiqlik xüsusiyyətləri ilə səciyyələndirilən bir şəxs kimi təqdim etdiyi kimi, İslamın yalnız müəyyən bir qrupun daxilində təmərküzləşən din olmadığını, əksinə, daha geniş insan kütlələri arasında yayıldığını da göstərir. Çünki bir dinin ilk gündən etibarən təkcə tərəfdarları deyil, həm də qatı əleyhdarları meydana çıxırsa, bu, onun qəbilə və ya lokal bir inanc sistemi olmadığını göstərən mühüm göstəricilərdən biridir.
Bu baxımdan Əhnəs ibn Şərikin İslama qarşı bəslədiyi ədavət, paradoksal şəkildə, İslamın daha geniş insan kütlələri tərəfindən tanınmasına xidmət etmişdir. Onun İslama qarşı sərgilədiyi mövqe müxtəlif bölgələrdə yaşayan insanların İslamdan xəbərdar olmasına səbəb olmuşdur. İlk baxışdan düşmənçilik kimi görünən bu münasibət zaman keçdikcə bəzi insanların İslama yönəlməsinə zəmin hazırlaya bilmişdir. Məhz buna görə də Allah istədiyi zaman dinin düşmənlərini belə İslamın yayılmasına xidmət edən vasitələrə çevirə bilir.
Burada vurğulamaq istədiyimiz əsas fikir də məhz budur. İslam yalnız müsəlmanların təbliği sayəsində deyil, bəzən düşmənlərinin ona qarşı göstərdikləri ədavət vasitəsilə də geniş xalq kütlələrinə yayılmışdır. O, ilk nazil olduğu andan etibarən universal bir din kimi formalaşmış və inkişaf etmişdir. Əgər onun mahiyyəti bu universallıqdan məhrum olsaydı, bu gün İslam adlanan dünya dini mövcud olmazdı.



