BEŞİNCİ CÜZÜN XÜLASƏSİ

0

Beşinci cüz, ailə hüququndan tutmuş ictimai ədalətə, dini itaətdən münafiqlərin davranışlarına qədər geniş mövzuları əhatə edir. Ayələrdə Allah və Rəsuluna itaətin vacibliyi, şirk günahının bağışlanmaması, şeytanın insanı necə aldadaraq azdırdığı və münafiqlərin ikiüzlü davranışları açıq şəkildə izah olunur. Eyni zamanda qadınların hüquqları, evlilikdə ədalət və cəmiyyətin sağlam quruluşu üçün vacib olan ədalət prinsipləri vurğulanır.

Beşinci cüz Nisa surəsinin 24-cü ayəsindən başlayır və 147-ci ayə ilə sona çatır. Bu cüzdə əsasən ailə hüququ, ictimai ədalət, münafiqlərin davranışları və dini itaət mövzuları işlənir.

23–25-ci ayələrdə evliliklə bağlı hökmlər, kimlərlə evlənməyin halal və haram olduğu açıqlanır. 34-cü ayədə “qəvvamə” ayəsi ilə ailənin idarəsinin kişilərə verildiyi, evlilikdə problem yaranarsa hakimlik heyətinə (nüfuzlu qohumların məşvərətinə) müraciət edilməsinin vacibliyi bildirilir. 43-cü ayədə içkinin haram olma mərhələlərindən biri qeyd olunur.

48 və 116-cı ayələrdə şirk günahının Allah tərəfindən bağışlanmayacağı, digər günahların isə Allahın dilədiyi kimsəyə bağışlanacağı vurğulanır. 78-ci ayədə ölümün hər yerdə insana çata biləcəyi xatırladılır.

59, 61, 64, 65, 69, 80, 81, 105, 115 və 136-cı ayələrdə Allah və Rəsuluna itaətin vacibliyi, dini rəhbərlərə hörmətin əhəmiyyəti və bu itaətin imanla birbaşa əlaqəli olduğu bildirilir. Münafiqlərin ikiüzlü davranışları bir çox ayədə sərt şəkildə tənqid olunur.

94–105-ci ayələrdə cihad, hicrət, məzlumlara yardım və döyüş zamanı namazın hökmü kimi mövzular yer alır. 119–121-ci ayələrdə şeytanın insanları necə aldadıb yoldan çıxardığı, onları cəhənnəmə sürüklədiyi izah olunur.

127–130-cu ayələrdə qadınların hüquqları və evlilikdə yaranan narazılıqların həlli yolları göstərilir. 135-ci ayədə ədalətli olmağın, hətta yaxınlara qarşı belə haqqı qorumağın vacibliyi vurğulanır. 137–145-ci ayələrdə münafiqlərin imanla oynayan, ayələri lağa qoyan davranışları sərt şəkildə qınanır.

147-ci ayədə isə iman və şükür olduğu təqdirdə Allahın əzab verməyəcəyi bildirilir və cüz bu ayə ilə tamamlanır.

Bu cüz, müsəlmanın həm ailə, həm cəmiyyət, həm də iman həyatında necə davranmalı olduğunu göstərən mühüm bir bələdçidir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib 

İyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin...

Bağla