Azərbaycanlı jurnalistlər Səmərqənddə Şahi-Zində kompleksi ilə tanış olublar

0

Azərbaycanlı jurnalistlər Səmərqənddə Şahi-Zində kompleksini ziyarət ediblər.

“Reportun Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, səfər Özbəkistana təşkil olunmuş mediatur çərçivəsində baş tutub.

Mediatur iştirakçılarına məlumat verilib ki, “Şahi-Zində” adı fars dilindən tərcümədə “Yaşayan şah” mənasını verir. Kompleks təxminən doqquz əsr bundan əvvəl formalaşmağa başlayıb. Burada ilk məqbərələr hələ XI əsrdə meydana gəlib, lakin qorunub saxlanılan tikililərin əsas hissəsi XIV-XV əsrlərə aiddir. Xüsusilə Əmir Teymurun dövründə tikinti fəal şəkildə aparılırdı.

Azərbaycanlı jurnalistlər həmçinin məqbərələrin ustalıqla bəzədilmiş fasadlarını ətraflı şəkildə nəzərdən keçiriblər. Tikililərin əhəmiyyətli hissəsi qədim Əfrasiyab şəhərinin yamacı boyunca yerləşən qalereya şəklində vahid memarlıq ansamblı formalaşdırır.

İştirakçılara Şahi-Zindənin dağıdılması və bərpası tarixi barədə də məlumat verilib. XIII əsrdə kompleksin böyük hissəsi monqolların hücumundan sonra zərər görüb, onun dirçəlişi isə XIV əsrdə başlayıb. Daha sonra Mirzə Uluqbəyin dövründə irimiqyaslı memarlıq-planlaşdırma işləri aparılıb.

Bu gün Şahi-Zində təkcə görkəmli memarlıq abidəsi deyil, həm də fəaliyyət göstərən ziyarətgahdır. Mediatur iştirakçıları hakim sülalələrin və əyanların nümayəndələri ilə bağlı məqbərələri görə, Səmərqəndin ən özünəməxsus memarlıq ansambllarından birinin tarixi ilə tanış ola biliblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Harmoniya” sənədli filmi təqdima olunub

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında əsrlər boyu formalaşmış birgəyaşayış və qarşılıqlı hörmət mühitini, tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” qısametrajlı sənədli...

Bağla