Yeddinci cüz Maidə surəsinin 83–120-ci ayələri ilə başlayır və Ənam surəsinin 1–110-cu ayələri ilə davam edir. Bu cüzdə həm hüquqi, həm də əqidəvi mövzular geniş şəkildə izah olunur.
Maidə surəsində “yemin kəffarəti” – andı pozmağın cəzası (89-cu ayə), içkinin tamamilə haram edilməsi (90–91-ci ayələr), ovçulıqla bağlı hökmlər (94–96), vəsiyyət zamanı şahidlik qaydaları (105–108) yer alır. 109–120-ci ayələrdə isə surənin adını verən “Maidə” hadisəsi izah olunur: Havarilərin Hz. İsadan göydən süfrə istəməsi, Hz. İsanın Allahın izni ilə möcüzələr göstərməsi və Allahın onu hesaba çəkməsi bu ayələrdə yer alır.
Ənam surəsi əsasən Allahın birliyi (tövhid), peyğəmbərlik, axirət həyatı və müşriklərin batil inanclarının tənqidi üzərində qurulmuşdur. Surənin ilk 73 ayəsində “de ki” ifadəsi 24 dəfə təkrar olunur və bu ayələrdə müşriklərin etirazlarına cavab verilir. Allahın yaratma qüdrəti, ölüm-dirim dövranı və kainatdakı nizam Allahın varlığının dəlili kimi təqdim olunur.
74–81-ci ayələrdə Hz. İbrahimin atasına bütlərə ibadətin yanlış olduğunu izah etməsi və ağıl yolu ilə Allahın varlığına çatması təsvir olunur. 82–90-cı ayələrdə isə Quranda adı keçən 25 peyğəmbərin 17-si adları ilə zikr edilir. 91–94-cü ayələrdə Allahı layiqincə tanımayanların yanlış düşüncələri tənqid olunur.
95–103-cü ayələrdə Allahın yaratma qüdrəti və insanların cinlərə ibadət etməsi tənqid edilir. 108-ci ayədə müşriklərin inancına hörmətsizlik etməmək (söyməmək) tövsiyə olunur. 109–110-cu ayələrdə isə möcüzə gəldikdə iman edəcəyini deyib, sonra sözündə durmayanların cəzalandırılacağı bildirilir və cüz sona çatır.
Yeddinci cüz, həm hüquqi hökmləri, həm də əqidəvi prinsipləri ehtiva edir. Maidə surəsində içki, and içmə, şahidlik və Hz. İsa ilə bağlı hadisələr izah olunur. Ənam surəsində isə Allahın birliyi, peyğəmbərlik və müşriklərin batil inancları tənqid edilir.
Rəşad Manafov



