TDT müsəlman dini idarə rəhbərləri Ağdam Cümə Məscidində olublar

0

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin Bakıda keçirilən 7-ci görüşü çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Qarabağa səfər ediblər.

“Reportun Ağdama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən səfər çərçivəsində Ağdam Cümə Məscidində xüsusi tədbir keçirilib.

Tədbirdə çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Ağdam Cümə məscidi Birinci Qarabağ Müharibəsi dönəmində “şəhid məscidi” kimi yadda qalmışdı: “Bu divarlarda neçə-neçə ananın naləsi var. Mən özüm də bu hadisələr zamanı məsciddə olmuşam. Qarabağ indi yenidən qurulur, dini ibadət yerləri də bərpa edilir, yeni məscidlər tikilir və ibadət üçün açılır. Bu çox sevindirici haldır”.

Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov isə vurğulayıb ki, Ağdam şəhəri vaxtilə dağıntı və kədərin simvolu, “Qafqazın Hiroşiması” kimi xarakterizə olunurdusa, bu gün o, sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir.

İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Həmid Şəhriyari çıxışında regionda və dünyada sülhün, sabitliyin təmin olunmasına çağırış edib: “Ümid edirik ki, tezliklə Cənubi Qafqazda da davamlı sülh əldə ediləcək”.

Türkiyədən olan nümayəndə Fatih Mehmet Karaca qeyd edib ki, Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin bir araya gəlməsi gələcəyə ümid və inam ifadə edən təşəbbüsdür: “Mən Ağdam Cümə məscidini təkrar ibadətə açan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Məscid bir simvoldur, əsas məsələ bölgədə dağıdılan tarixin bərpası, yenidən inşasıdır. Bunu bacaran hər kəsə təşəkkür edirəm”.

Özbəkistan müftisi Nuriddin Xuliqnəzər də Özbəkistan müsəlmanları adından çıxış edərək Ağdam Cümə Məscidinin yenidən öz əhlinə, öz müsəlmanlarına qayıtmasından mənunluq ifadə edib: “Bu məscid, bu diyar neçə-neçə günahsızın göz yaşlarının şahidi olub, şəhidlərin qanı bahasına azad edilib.

Azərbaycan və Özbəkistan sadəcə dost və qardaş deyil, həm də müttəfiqdir. Bizim prezidentlərimiz də bununla əlaqədar müqavilə imzalayıblar. Ümid edirəm ki, bu dostluq və müttəfiqlik əbədi davam edəcək”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi tarixi-mədəni irs nümunələrinin,...

Bağla