Sağlam dini mühitin formalaşmasında din xadimlərinin də üzərinə mühüm məsuliyyət düşür.
“Report”un Muğan bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Biləsuvarda keçirilən “Dinin siyasiləşdirilməsi: çağırışlar, risklər və din xadimlərinin məsuliyyəti” mövzusunda regional konfransdakı çıxışında deyib.
O, sağlam dini mühitin möhkəmləndirilməsi üçün zəruri addımların atıldığını qeyd edib:
“Din xadimi ilk növbədə dini düzgün bilməli və bu bilikləri cəmiyyətə doğru şəkildə çatdırmalıdır. Müasir din xadimi cəmiyyətdə baş verən prosesləri geniş baxış bucağından qiymətləndirməli, insanlarla açıq ünsiyyət qurmalı və xüsusilə gənclərin suallarına əsaslandırılmış cavablar verməlidir. Yanlış dini məlumatların qarşısının alınması və dini müxtəlifliyə hörmət mühitinin qorunması da bu fəaliyyətin mühüm hissəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cəmiyyətin mənəvi inkişafına və sağlam dini mühitin formalaşmasına töhfə verən din xadimlərini hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu da bu istiqamətdə mühüm işlər həyata keçirir. Burada əsas məqsədlərdən biri savadlı və peşəkar dini kadrların hazırlanması, maarifləndirmənin gücləndirilməsi və konfessiyaların fəaliyyətinə dəstəyin artırılmasıdır. Biz istəyirik ki, bölgələrdə dini mühitin real vəziyyəti daha yaxından öyrənilsin, din xadimlərinin qarşılaşdığı problemlər dinlənilsin və onların həlli ilə bağlı konkret təkliflər formalaşdırılsın”.
R.Məmmədovun sözlərinə görə, təşkil olunan analoji tədbirlərin nəticəsi yalnız müzakirələrlə məhdudlaşmamalıdır:
“Burada səsləndirilən təkliflər ümumiləşdirilməli, aidiyyəti qurumlarla birlikdə qiymətləndirilməli və mümkün olduğu hallarda praktiki addımlara çevrilməlidir. Eyni zamanda bu konfranslar din xadimləri arasında təcrübə mübadiləsinin aparılması, mövcud problemlərin açıq müzakirəsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Bizim ümumi məqsədimiz aydındır: dini dəyərlərin siyasi məqsədlər üçün istifadəsinə yol verməmək, dini savadlılığı artırmaq, dini və məzhəbi müxtəlifliyə hörməti qorumaq və cəmiyyətimizin həmrəyliyini daha da möhkəmləndirmək. Bu istiqamətdə dövlət qurumları ilə yanaşı, din xadimlərinin də üzərinə mühüm məsuliyyət düşür”.



