Şəhidlik İslam düşüncəsində insanın Allah yolunda canını fəda etməsi ilə əlaqəli ən uca məqamlardan biri kimi qəbul edilir. Şəhid sözü ərəb dilində “şahid olan, şahidlik edən” mənalarını daşıyır. Qurani-Kərimdə Allah yolunda həyatını itirən insanların adi ölüm ilə eyniləşdirilməməsi xüsusi olaraq vurğulanır.
Uca Allah buyurur:
وَلَا تَقُولُوا لِمَن يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِن لَّا تَشْعُرُونَ
“Allah yolunda öldürülənlərə “ölülər” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.” (əl-Bəqərə, 2/154)
Digər bir ayədə isə şəhidlərin Allah qatındakı məqamı daha aydın şəkildə ifadə olunur:
وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ
“Allah yolunda öldürülənləri əsla ölü hesab etmə. Əksinə, onlar Rəbbinin dərgahında diridirlər və ruzi ilə təmin olunurlar.” (Ali-İmran, 3:169)
Bu ayələr şəhidliyin İslamda sadəcə bir ölüm hadisəsi kimi yox, Allah dərgahında xüsusi həyat və nemətlə əlaqəli bir məqam kimi dəyərləndirildiyini göstərir.
Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) də şəhidliyin fəzilətindən bəhs etmişdir. Ənəs ibn Malikdən (r.a.) rəvayət edilən bir hədisdə Peyğəmbərimiz (s.ə.s.) belə buyurur:
مَا أَحَدٌ يَدْخُلُ الْجَنَّةَ يُحِبُّ أَنْ يَرْجِعَ إِلَى الدُّنْيَا وَلَهُ مَا عَلَى الْأَرْضِ مِنْ شَيْءٍ، إِلَّا الشَّهِيدُ، يَتَمَنَّى أَنْ يَرْجِعَ إِلَى الدُّنْيَا فَيُقْتَلَ عَشْرَ مَرَّاتٍ، لِمَا يَرَى مِنَ الْكَرَامَةِ
“Cənnətə daxil olan heç kəs yer üzündə olan hər şey ona verilsə belə, dünyaya qayıtmaq istəməz. Yalnız şəhid gördüyü ikram səbəbilə dünyaya qayıdıb on dəfə şəhid olmağı arzulayar.” (Səhih əl-Buxari, 2817)
Başqa bir hədisdə isə belə buyurulur:
يُغْفَرُ لِلشَّهِيدِ كُلُّ ذَنْبٍ إِلَّا الدَّيْنَ
“Şəhidin bütün günahları bağışlanar, borc istisna olmaqla.” (Səhih Muslim, 1886)
Bu hədis eyni zamanda İslamın insan haqqına verdiyi böyük əhəmiyyəti göstərir. Şəhidlik böyük fəzilət olsa da, insanların haqqı və borcları məsələsində məsuliyyətin əhəmiyyəti qorunur.
Şəhidlik sadəcə bir ad və ya mərtəbə yox, iman, səmimiyyət, fədakarlıq və haqq uğrunda göstərilən əzmin simvoludur. Şəhidlərin xatirəsini yaşatmaq isə onların ailələrinə, vətənə və cəmiyyətə olan hörmətin ifadəsidir.
27 Sentyabr – Anım Günü bizə Vətən uğrunda həyatını itirən qəhrəmanlarımızı ehtiramla xatırlamaq, onların fədakarlığını gələcək nəsillərə çatdırmaq və şəhid ailələrinin yanında olmağın mənəvi məsuliyyətini bir daha xatırladır.
Şəhidlərin adı yaddaşımızda, xatirəsi qəlbimizdə yaşayır. Onların fədakarlığı qarşısında ən böyük ehtiram isə Vətənə, dövlətə, milli və mənəvi dəyərlərə məsuliyyətlə sahib çıxmaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamlarını uca etsin.
Dr. Eldar Kərimov



