Onuncu cüz Ənfal surəsinin 41-ci ayəsindən başlayır, 75-ci ayə ilə tamamlanır və Tövbə surəsinin 93-cü ayəsinə qədər davam edir. Bu cüzdə Bedir döyüşü, müharibə qaydaları, münafiqlərin davranışları və Tövbə mövzusu ətraflı şəkildə işlənir.
Ənfal surəsində müharibə zamanı düşmənə qarşı hazırlıq (60-cı ayə), az sayda möminin çox sayda kafiri məğlub edə biləcəyi (65–66), əsirlərlə bağlı davranış qaydaları (67), Muhacir və Ənsar arasındakı qardaşlıq və birlik ruhu (71–75) vurğulanır.
Tövbə surəsi, Peyğəmbərimizin vəfatına yaxın bir zamanda nazil olmuş, başında “Bismillah” olmayan yeganə surədir. Surədə müşriklərlə bağlanan anlaşmaların pozulması, Məscid-i Haramın təmizlənməsi, iman qardaşlığının üstünlüyü, Təbük səfərinə hazırlıq və münafiqlərin bu səfərdən yayınmaq üçün bəhanələri geniş şəkildə izah olunur.
Surənin ilk 24 ayəsi Məkkə fəthindən sonra baş verən hadisələrlə bağlıdır. Müşriklərə dörd ay möhlət verilmiş, iman edənlər qalmış, etməyənlər isə bölgəni tərk etmişdir. 11-ci ayədə tövbə edən müşriklərin din qardaşı sayılacağı bildirilir. 25–27-ci ayələrdə Huneyn döyüşünə, 28-ci ayədə isə müşriklərin Məscid-i Harama girməsinin qadağan edilməsinə toxunulur.
30–35-ci ayələrdə xristianların batil inancları və din adamlarının topladığı sərvətlər tənqid olunur. 40-cı ayədə Sevr mağarasında Peyğəmbərimizlə birlikdə olan Hz. Əbu Bəkirə işarə edilir. 42–93-cü ayələrdə isə əsasən Təbük səfəri və münafiqlərin bu səfərə qatılmamaq üçün uydurduqları bəhanələr izah olunur.
60-cı ayədə zəkatın kimlərə verilməli olduğu açıq şəkildə sıralanır. 84-cü ayədə isə münafiqlərin bağışlanması üçün edilən duaların qəbul olunmayacağı bildirilir və cüz tamamlanır.
Onuncu cüz, müharibə, iman, tövbə və münafiqlərin davranışları ilə bağlı mühüm dini prinsipləri ehtiva edir. Bedir və Tebük döyüşləri nümunəsində möminlərin fədakarlığı, Allahın yardımı və münafiqlərin ikiüzlü davranışları izah olunur. Tövbə surəsi, Allahın mərhəmətini və bağışlayıcılığını ön plana çıxararaq, iman yolunda sabit qalmağın əhəmiyyətini vurğulayır.
Rəşad Manafov



