NİCAT YOLU-TÖVBƏ

0

İşlənən günahdan üz döndərmək mənasına gələn tövbə Allahın yer üzündəki ən çox sevdiyi məxluqu olan bəşər övladı üçün bəxş etdiyi ən böyük nemətidir. Tövbə Allahın Ğafur, Rəhman, Təvvab kimi sifətlərinin gərəyi olaraq insana verilmiş fürsətdir.

İnsan xilqəti etibariylə günah işləyən, xəta edən və unudan bir varlıqdır. Bu xislətlərinə əsasən də Allah hər fürsətdə əşrəfi məxluqatı bağışlayıb əfv etmək və cənnəti ilə mükafatlandırmaq üçün bir çox səbəblər yaratmışdır. Tövbə də məhz bu səbəblərdən biridir. 

 Əlbəttə ki, Allahın, bir bəndəsinin tövbə etməsinə görə, ucsuz-bucaqsız səhrada üstü yüklü dəvəsini itirimiş şəxsin sonradan onu tapdığına görə sevinməsindən daha çox sevinməsinin (Müslim, Tövbə 7) hikməti də heç şübhəsiz ki, bəndəsinin xətasını anlayıb peşman olması və şeytandan uzaqlaşıb özünə yaxınlaşmasıdır.  Qurani-Kərimdə də bir neçə yerdə Allahın bəndələri üçün çətinlik istəmədiyi, onlar üçün xeyirli olanı qısmət etdiyi qeyd edilməkdədir. Allah bütün bəndələrini cənnəti ilə mükafatlandırmaq istəyir. İnsanın istedad və taqətinin fövqündə əməllərdən məsul tutulmamasının hikməti də məhz budur.

Əgər Uca Allahın rəhməti və bağışlayıcılığı olmasaydı dünyanın bir saniyə belə sağlam qalması mümkün olmazdı. Allah bütün günah işləyən bəndələrinə fürsət tanıyır ki, bəlkə də xətalarını başa düşüb tövbə edər və günahlarından əl çəkərlər. Zaman-zaman qarşılaşdığımız “Filankəs çox günahkar biri idi indi namaz qılır ibadət edir. Allah onun günahlarını bağışlamaz” kimi cümlələr var. Bu fikirləri ancaq Allahı tanımayan dindən bixəbər kəslərin istifadə edəcəyi kəlmələrdir. Qurani-Kərimdə “Ey öz əleyhlərinə həddi aşmış qullarım, Allahın  mərhəmətindən ümidinizi kəsməyin. Allah bütün günahları bağışlayandır. Çünki o bağışlayan və mərhəmət sahibidir. (əz-Zümər, 53) buyurularaq hər kəsin bağışlana biləcəyi ifadə edilmişdir. Yeri gəlmişkən ifadə etmək lazımdır ki, Allah özünə şirk qoşma və qullarının haqqı xaricində bütün günahları bağışlayar. Əlbəttə ki, bu bağışlanma da tövbədəki səmimiyyətlə düzmütənasibdir. Cəmiyyətimizdə məşhur olan “Allah bizim Allahdır, keçər günahımızdan” şüarını əsas alaraq hər cür günah və xətaları mübah sayaraq onlarda israr etmək də çox yanlışdır. Çünki Uca Allah “Çox hiyləgər şeytan Allahın kərəm və mərhətmiylə sizi aldatmasın (əl-Fatır, 5)” buyuraraq bu incəliyə diqqət çəkməkdədir. Odur ki, şeytanın “Allah kərimdir, sənin ibadətinə ehtiyacı yoxdur, bağışlayandır mərhəmət sahibidir” kimi fısıltılarına aldanaraq tənbəllik etməməli, bu cür daxili səsləri lehimizə çevirməyi bacarmalıyıq. Şanlı Peyğəmbər əleyhissalam da “Hər insan oğlu xəta edər. Ancaq xəta edənlərin ən xeyirli (xətadan sonra) tövbə edəndir.”(Tirmizi, Qiyamət 49) buyuraraq hər kəsin əfv edilə biləcəyi müjdəsini verməkdədir. Məharət günah işləməkdə deyil, günah işlədikdən sonra tövbə etməkdədir. Deməli, günah işləmək və ya günah işləyərək yaşamış olmaq hər şeyin sonu deyil. Tövbə etmək yeni həyatın başlanğıcıdır. 

Heç bir günahı olmadığı halda Peyğəmbər əleyhissalamın gündə 70 və ya 100 dəfə istiğfar etdiyi bir çox rəvayətdə qeyd edilməkdədir. Cənnət təminatı olan Peyğəmbər belə istiğfar edirsə, biz günahkar bəndələr hər an, hər saniyə istiğfar etməliyik. Ən azından Peyğəmbərin sünnəsini davam etmə düşüncəsiylə də olsa gündəlik tövbə edilməlidir. Ölümün yaşı olmadığı hər kəsə məlumdur. Hər alınan nəfəsin son nəfəs olma ehtimalı böyükdür. Odur ki, Peyğəmbər əleyhissalamın “Allah bir qulun son nəfəsinə qədər tövbəsini qəbul edər(Tirmizi, Dəvaat 98) hədisini unutmamalı hər nəfəs alıb-verdikdə tövbə edib istiğfar etməyə səy göstərməliyik. Həzrət Peyğəmbər əleyhissalamın bu hədisi Allahın qullarına olan sevgi və mərhəmətini necə də bariz şəkildə  təsvir edir. Əziz və cəlil olan Allah, gündüz günah işləyənin tövbəsini qəbul etmək üçün gecə rəhmət qapısını açıq tutar; gecə günah işləyənin tövbəsini qəbul etmək üçün də gündüz rəhmət qapısını açıq tutar. Bu, günəş məğribdən doğuncaya qədər belə davam edər. (Müslim, Tövbə 31) Bu hədisdə də gecə və gündüzün qeyd edilməsinin səbəbi, əslində tövbə qapısının hər an açıq olduğu, iyirmi dörd saat boyunca tövbə etməyin mümkünlüyü ifadə edilir.

Tövbə etmək imanın təzahürü olduğu kimi, tövbə etməmək də etdiyi günaha görə fəxr etmək mənasına gəlik ki, bu da küfrün təzahürüdür. İmanlı şəxs işlədiyi günahdan peşman olmalı və tövbə etməyin imandan doğan bir zərurət olduğunu bilməlidir.

 Tövbənin qəbul olması üçün riayət ediləcək şərtlər vardır ki, onlara da diqqət edilməlidir. Əgər işlənən günah Allaha qarşı olub qul haqqıyla əlaqəli deyilsə bu üç xüsusa riayət etmək lazımdır:

  • İşlənən günahı tərk etmək.
  • O günahı işlədiyinə görə peşman olmaq
  • Bir daha o günahı işləməməyə qərar vermək.

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axıgünahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.

 (ət-Tövbə 135)

Rüfət Şirinov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜBARƏK “ÜÇ AYLAR” BAŞLAYIR

"Üç aylar"ın başlanğıcı hesab edilən rəcəb ayının ilk günü 2018-ci il 19 mart bazar ertəsi gününə təsadüf edir.

Bağla