ALLAH ÜÇÜN QEYB YOXDUR

0

Allah-Təala hər şeyi biləndir. Onun elmi görünən və görünməyən bütün hadisələrdən xəbərdar olan, bizi əhatə edən hər şeyi bilən ali hikmət sahibidir. Onun rəhmətinin sərhədi yoxdur. Bu həqiqət Loğman surəsinin 27-ci ayəsində belə ifadə olunur: “Əgər yer üzündəki bütün ağaclar qələm, dəniz isə mürəkkəb olsa, və (bu dənizə) bir o qədər də əlavə olunsa, yenə də Allahın sözləri yazılıb qurtarmaz.” Bu ayənin məğzini anlayan hər bir mömin, Allahın sonsuz qüdrət, izzət və hikmət sahibi olduğunu dərk edərək heyrətə gələr.

Uca Allahın hikmətinin təcəllilərindən biri də qeybdir. “Qeyb” — “bilinməyən”, “göz önündə olmayan”, “gözlə görünməyən” anlamlarını ifadə edir. Qeyb dedikdə keçmişdə, hal-hazırda və gələcəkdə baş vermiş, baş verən və baş verəcək hadisələr nəzərdə tutulur. Allah-Təalanın hər şeyi əhatə edən dərin elmi nəzərə alındıqda, qeybə aid sirlərin Ona məlum olması təəccüblü deyil. Çünki qeyb açarları yalnız Uca Yaradanın ixtiyarındadır (əl-Ənam, 6/59). Qeyb anlayışı yalnız Allaha məxsus termin olub, Ondan başqa heç kəsin qeyb barədə məlumat sahibi olması mümkün deyil.

Qeyb dedikdə yalnız keçmişə və ya gələcəyə aid məlumatlar nəzərdə tutulmamalıdır. Bu anlayış geniş məna sahəsinə malikdir. Cənnət, cəhənnəm, qəbir həyatı, axirət, yenidən diriliş, yaradılış, ruh, mələklər, cinlər və s. məfhumlar da qeyb anlayışına daxildir.

Allah üçün qeyb deyilən bir şey yoxdur. O, “alim” sifətinə malik olan yaradıcıdır. Allahın 99 gözəl adından biri olan “əl-Muhit” — hər şeyi əhatə edən, digəri isə “əl-Muhsi” — hər şeyi bir-bir sayan və ondan xəbərdar olan mənalarını daşıyır. Hər iki ad Allahın “alim” sifəti ilə bağlıdır. Çünki bir şeyi əhatə etmək və ya onu saymaq ancaq elm vasitəsilə mümkündür (Hayat Rehberi Kur’ân, I cild, s. 103–104). Allah üçün elmin sərhədi yoxdur. Onun üçün bilinməyən, gizli bir şey mövcud ola bilməz. Elə qeyb də bu qəbildəndir. Gələcəkdən xəbərdar olan hikmət sahibi Allahın nəzərində qeyb anlayışının mənası yoxdur.

Səmimi bir müsəlman yalnız bir yaradıcıya inanar. Allahın fövqündə başqa bir tanrının mövcudluğundan bəhs etmək nə qədər mənasızdırsa, Allah üçün qeyb anlayışını qəbul etmək də bir o qədər əsassız və puç bir düşüncədir. Əgər Allahın qeybə dair bilgisi olmadığı iddia edilərsə, bu, Onun fövqündə başqa bir qüdrətin mövcud olduğu qənaətinə gətirib çıxarar. Bu isə həm islami inanca, həm də məntiq elminin əsas prinsiplərinə ziddir.

Allah üçün qeyb anlayışının olmadığını göstərən ayələrdən biri də Loğman surəsinin 34-cü ayəsidir. Ayədə “Yağışı yağdıran və rəhmlərdə olanı bilən ancaq Allahdır” — deyilir (Loğman, 31/34). Dikkətli oxucu bu ayənin incəliklərini müşahidə etdikdə, burada yağışın nə vaxt yağacağından Allahın xəbərdar olduğunun deyil, birbaşa yağışı yağdıranın Allah olduğunun bildirildiyini görər. Müasir dövrdə meteorologiya elmi müəyyən dəqiqliklə yağışın vaxtını və hava temperaturunu müəyyən edə bilir. Ancaq ayədə yağışın yağması əməli Allaha izafə edilərək, bu bilik və qüdrətin yalnız Ona məxsus olduğu vurğulanır (Hayat Rehberi Kur’ân, I cild, s. 125).

Eyni şəkildə, ayədə Allahın rəhmlərdə olanı bildiyi qeyd olunmuş, lakin bu bilik üzərində dərin düşünməyə dəvət edilmişdir. İmam Maturidi bu ayə ilə bağlı qeyd edir ki, onun dövründə bəzi tibbi vasitələrlə uşağın cinsiyyəti doğulmamışdan əvvəl müəyyən edilə bilirdi. Lakin ayənin əsas toxunduğu məqam, Rəhman və Rəhim olan Allahın uşağın rəhmdəki inkişaf mərhələlərinin hər birini doğum anına qədər bütün incəlikləri ilə bildiyidir. Maturidinin bu yanaşması məsələyə fərqli bir prizma təqdim edir və Allahın qeyb elminin dərinliyini bir daha təsdiq edir (Maturidi, XI cild, s. 259; Hayat Rehberi Kur’ân, I cild, s. 125–126). Beləliklə, nəticə etibarilə deyə bilərik ki, Allah üçün qeyb anlayışı mövcud deyildir.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident: Zəngəzur dəhlizi qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaq

Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. "Report"un məlumatına görə, bu barədə Azərbaycan...

Bağla