ALLAHIM, YAXINLIĞINI MƏNDƏN UZAQ ETMƏ!

0

Adətən duyğu və düşüncə məfhumlarının mahiyyəti və insanın daxili dünyasında tutduğu yer üzərində dərindən düşünülmür. Bir çox insan hiss və düşüncələrin necə formalaşdığını, bu prosesin hansı meyarlar əsasında inkişaf etdiyini təhlil etmədən gündəlik həyatlarını davam etdirir. Halbuki insanın öz duyğuları üzərində təmərküzləşməsi üçün, əksər hallarda, müəyyən hadisələrin baş verməsi zəruridir. Bu hadisələr insan zehnində daxili çalxantılara səbəb olur və həmin çalxantılar nəticəsində hiss və duyğular passiv vəziyyətdən çıxaraq fərdin həyatına real təsir göstərməyə başlayır.

İlk baxışdan sadə görünən bu proses, əslində, mürəkkəb və çoxmərhələli bir psixoloji gedişatın yekun nəticəsidir. İnsanın gündəlik həyatda əhəmiyyət vermədiyi bu daxili mexanizm onun dünyagörüşünü, davranışlarını və həyat istiqamətini köklü şəkildə dəyişdirmək gücünə malikdir. İnsan həyatının müxtəlif mərhələlərində xəstələnir, sevinir, kədərlənir və bəzən də mənəvi baxımdan Allahdan uzaqlaşır. Bəşər övladı daxili böhranlardan qurtulmaq üçün həmişə arxa-dayaq axtarır. Lakin bütün bu yolların son nöqtəsi insanı öz daxili aləminə yönəlməyə sövq edir.

Mənəvi boşluqlarla dolu bir düşüncə dünyası zamanla hissizləşmiş duyğuların formalaşmasına zəmin yaradır. Bu mənəvi əsarətin bədəlini isə insan birbaşa öz həyatı ilə ödəyir. Sevinc, kədər və xəstəlik kimi halların insan psixologiyası üzərindəki təsiri təcrübə yolu ilə dərk edilir. Allahdan uzaqlaşmaq isə bu təcrübələrdən fərqli olaraq daha dərin və mürəkkəb bir mənəvi vəziyyətdir. Müasir dövrdə bir çox insan bu mövzu ətrafında düşünməkdən və danışmaqdan çəkinir. Bir vaxtlar dua vasitəsilə Allahla ünsiyyət qurmağa can atan nəsillərin davamçıları bu mənəvi yaxınlıqdan getdikcə uzaqlaşaraq hissiz bir dünyanın qurbanına çevrilirlər. Bu kontekstdə ortaya çıxan əsas suallardan biri belədir: Allahdan uzaqlaşmaq hansı hissləri doğurur və biz bu hisslərin fərqindəyikmi? Bu sual üzərində düşünmək insanın öz mənəvi vəziyyətini dərk etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

İcazənizlə bu suala yaşadığım bir hadisə üzərindən cavab vermək istəyirəm; Bir müddət əvvəl ağır bir xəstəliyə düçar olduğumu öyrəndim. Bu xəbəri aldığım an ilk reaksiyam fiziki və emosional sarsıntı oldu: dizlərim titrədi, gözlərim yaşardı. Tənha bir məkanda hisslərimi sərbəst şəkildə ifadə etmək ehtiyacı duydum. Gözlərimdən süzülən yaşlar bir tərəfdən daxili gərginliyi azaldır, digər tərəfdən isə məni Allaha dua etməyə yönəldirdi. Allahın adını zikr etmək zehnimi, düşüncələrimi və duyğularımı nəzərəçarpacaq dərəcədə sakitləşdirirdi.

Məhz bu anda dilimdən öz-özünə bir dua süzüldü: “Allahım, yaxınlığını məndən uzaq etmə!” Bu ifadə əslində, həmin ana qədər yaşadığım mənəvi vəziyyətin yığcam bir xülasəsi idi. Dərin təfəkkürə dalaraq Allahdan nə qədər uzaqlaşdığımı anlamağa başladım. Zahirən ibadətlərlə Uca Yaradanına yaxınlaşdığını zənn edən bir insan kimi, əslində, Ondan uzaq bir mövqedə dayandığımı dərk etdim. Xəstəlik bu həqiqəti mənə açıq şəkildə göstərdi.

Bu dərk anından sonra xəstəlik mənim üçün mənfi bir hadisə olmaqdan çıxaraq mənəvi bir nemətə çevrildi. Başqaları üçün ağır və sarsıdıcı olan bu vəziyyət, mənim üçün Uca Yaradanı daha dərindən sevməyə və Ona daha şüurlu şəkildə yönəlməyə vəsilə oldu. Çıxılmaz görünən bir vəziyyətdən ümid və təvəkkül dolu addımlarla çıxmaq Allahın insanlara bəxş etdiyi böyük lütflərdən biridir. Çünki ümid yalnız emosional bir hal deyil, eyni zamanda insan həyatını dəyişdirən dərin və mənəvi bir dönüş nöqtəsidir. Bəlkə də buna görə İslam dinində ümidsizlik qadağan edilmiş və möminin daim ümidli olması tövsiyə olunmuşdur.

Nəticə etibarilə, insanın heç vaxt yaşamayacağını düşündüyü hiss və düşüncələr əslində onun həyatının ayrılmaz tərkib hissəsidir. Bəzən konkret hadisələr, bəzən isə dərin təfəkkür nəticəsində bu düşüncələr üzə çıxır. Duyğu və düşüncələrin basdırılması və ya əsarət altına alınması insanın gələcəyi üçün ciddi mənəvi və psixoloji böhranlar yarada bilər. Bu səbəbdən insan öz daxili aləmi ilə üzləşməli, duyğu və düşüncələrinin onun üzərində müəyyən haqlara sahib olduğunu qəbul etməlidir. Bəli, hiss, duyğu və düşüncələrimizin bizim üzərimizdə haqqı vardır. Onlara sahib isək, deməli, onlardan da məsuluq. Yanaşma şəklimiz və baxış bucağımız bu meyara görə yenidən tənzimləməliyik.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan üç il ötür

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan üç il ötür Azərbaycanın İranın paytaxtı Tehrandakı səfirliyinə terror hücumundan üç il ötür. "Report" xatırladır...

Bağla