İnsan hər zaman hardan gəldiyi, harada olduğu və hara getdiyi haqqında düşünür. Bu suallara fərqli cavablar tapır, özünü qane etməyə çalışır və bu şəkildə yaşamağa davam edir. Hardan gəldiyi və harada olduğu haqqında demək olar ki, hər kəsin özünə xas bu vəya digər formada cavabları var. Hara gedildiyi məsələsində isə fikirlər müxtəliflik təşkil edir. Belə ki, ya ölüb yox oluruq, ya da ki öldükdən sonra da bir dünyanın olduğuna inanaraq yaşayırıq. Öldüyümüz zaman yox olduğumuzu düşünərək yaşamaq psixi sağlamlığımıza və sosial münasibətlərdəki davranışlarımıza müsbət mənada heç bir şey qatmır. Bir gün yox olacağımızı düşünüərək var olduğumuz günləri daha səmərəli keçirmək üçün bütün əxlaqi anlayışların üzərindən xətt çəkə və ya davamlı güclülər tərəfindən əzilən zəif tərəf olaraq yaşamaq üçün tutunacaq bir ümid qaynağı tapa bilmədən canımıza rahatlıqla qəsd edə bilərik.
Öldükdən sonra başqa bir dünyanın olduğuna inamaq isə insana fərqli bir baxış bucağı qazandırır. İnsan bu dünyaya məqsədsiz gəlmədiyini, gəldiyi dünyada başıboş buraxılmadığını, gedəcəyi yer üçün də hazırlıqlı getməli olduğunu anlayır. Bu zaman məcbur olur ki, ona verilən vəzifələri layiqincə yerinə yetirsin, hansı missiya üçün bu dünyaya gəlibsə o missiyaya uyğun yaşasın və gedəcəyi yerdə də yaxşı olmaq üçün bu dünyadakı yaxşılıqlarına diqqət etsin. Bu zaman axirət inancı insan həyatına həm psixoloji, həm də sosioloji nöqteyi-nəzərdən müsbət mənada təsir edir. Fərdin həm daxili aləmindəki şəxsiyyəti ilə dil tapmasına, eyni zamanda ətrafındakı insanlarla ideal cəmiyyətin tələblərinə uyğun əxlqi kodekslər çərçivəsində münasibət qurmasına kömək edir.
Axirət inancı həyata məna qatır:
Daim düşünən, sorğulayan, anlamağa çalışan insan üçün hər şeyin bir səbəbi və mənası olmalıdır. İnsanın məna axtarışı bəzən nəticə versə də, bəzən “nə üçün?” sualını vermək istəyində azalma müşahidə olunmur və sadəcə dinin verdiyi izahdan başqa heç bir izah işə yaramır. Din insana elmin və digər qaynaqların həyat və axirət haqqında konkret olaraq cavablaya bilmədiyi xüsusları açıqlayır. İnsana hadisələrə dair bir baxış bucağı qazanadırır, izahları ilə məmnunluq hissi yaradır və təsəlli verir. Allahın varlığından sonra dinin dünya həyatının mənası ilə bağlı verdiyi ən qənaətbəxş cavab isə axirət həyatıdır.
Axirətə inam dinin insanlarla bağlı ən mühüm istiqamətləndirmə mexanizmidir. Uşağın yaxşı davranışa görə mükafatlandırılacağını, pis davranışa görə isə cəzalandırılacağını bildiyi halda davranışını öyrənməsi və tənzimləməsi timsalında olduğu kimi, insanlar nəyə görə mükafat alacağını bilsələr, səhv yol və davranışlardan uzaq qalmağa çalışarlar.
Axirət inancı motivasiya qaynağıdır:
Ədalətin heç vaxt bərqərar olmayacağı düşüncəsi və inancının hakim olduğu bir mühitdə psixoloji məmnunluqdan söhbət gedə bilməz. İnsan bu dünyada ona qarşı edildiyini zənn etdiyi haqsızlıqlara görə heç vaxt qisas alına bilməyəcəyi fikrinə dözə bilmir. Gücünün çatmadığı və onun yerinə Allahın axirətdə intiqam alacağını bilmək isə onun üçün təsəlli qaynağına çevrilir.
Hər şeyin axirətdə bir mükafatı olduğunu bilmək insanı bu dünyada başqa insanlara qarşı aciz hiss etməsinə mane olur. Bu, insanın özünü güclü hiss etməsinə kömək edir, zəiflikdən yaranan psixoloji məğlubiyyət hissini aradan qaldırır və buna görə də daha vüqarlı və ləyaqətli bir mövqeyə yiyələnir. Başqa sözlə, Allahın axirətdə verəcəyi ədalətə inamağın verdiyi səbir özündən razılıq deyil, cəsarət və lazım gəldikdə zalımın qarşısında həqiqəti söyləmək cəsarəti doğurur.
Axirət inancı psixi sağlamlığa müsbət təsir edir:
Ümumilikdə psixi sağlamlığın, xüsusən də depressiyanın müasir insanları ən çox narahat edən problemlərdən biri olması alimləri bu məsələ ilə bağlı həll yolları axtarmağa vadar etmiş və dünya miqyasında psixi sağlamlığa müsbət təsir etməsi ehtimal edilən vasitələr üzərində çoxsaylı elmi araşdırmalar aparılmışdır. Bu vasitələrin ən əhəmiyyətlilərindən biri də dindir. Dinin daxilində isə psixi sağlamlığa müsbət təsir edən əsas inaclardan bir də axirət inancıdır. Aparılan araşdırmalarda ölümdən sonrakı həyata inamla ruhi və fiziki sağlamlıq arasında positiv bir əlaqənin olduğu aşkar edilmişdir. Yəni axirət inancı insanın psixi və fiziki sağlamlığına müsbət təsir edir və onun öz həyatını daha səmərəli yaşamasına vəsilə olur. İnsanın dünyayala olan münasibətini nizamlayır, ona stimul verir.
Nəticə etibarı ilə onu deyə bilərik ki, axirət inancı insanların psixoloji ehtiyaclarına görə zehinlərində formalaşdırdıqları xəyal və ya utopiya deyil. Axirət inancı insan psixologiyası üçün həyati əhəmiyyət kəsb edən son dərəcə funksional və güclü bir inanc prinsipidir.
Dr. Eldar Kərimov



