Azərbaycan Qətərin paytaxtı Dohada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlük çərçivəsində Ərzaq Təhlükəsizliyi Ehtiyat Sisteminin (ƏTES) yaradılması, bunun üçün strateji kənd təsərrüfatı məhsullarının müəyyənləşdirilməsi və “2026-2035-ci illər üzrə Ərzaq Təhlükəsizliyi üzrə Strateji Plan” (Strateji Plan) layihəsinin müzakirəsi məqsədilə Yüksək Səviyyəli Ekspert görüşünda iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycanı qurumun aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümaəndə heyəti təmsil edib.
Tədbir kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi üzrə növbəti İƏT Nazirlər Konfransı zamanı müzakirə ediləcək məsələlərin müəyyənləşdirilməsi və təhlili, eləcə də mövqelərin formalaşdırılması üçün hazırlıq iclası xarakteri daşıyıb.
İƏT-ə üzv dövlətlər arasında ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyən görüşdə ƏTES-in yaradılması və bununla əlaqədar müəyyən edilmiş strateji kənd təsərrüfatı məhsullarının (buğda, çəltik və kassava) ehtiyat sistemlərinin inkişaf etdirilməsi üzrə Müvəqqəti İcra Komitəsinin (MİK) təsis edilməsi, bu istiqamətdə qarşıya qoyulan məqsəd və hədəflər, mövcud çətinliklər və onların həlli yolları, bilik və bacarıqların artırılması təşəbbüslərinin genişləndirilməsi, İƏT-daxili ticarətin gücləndirilməsi strategiyalarının müəyyən edilməsi, dayanıqlı kənd təsərrüfatı təcrübələrinin və İƏT-daxili aqrobizneslərin genişləndirilməsi, ticarət məhdudiyyətlərinin azaldılması, standartların uyğunlaşdırılması, regional təchizat zəncirlərinin inkişaf etdirilməsi, kənd təsərrüfatı dəyər zəncirləri üzrə investisiya imkanlarının müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirələr edilib.
Tədbirdə Strateji Planın mövcud ərzaq təhlükəsizliyi problemləri ilə əlaqələndirilməsi, strateji hədəflərin qəbul edilməsi, ünvanlı intervensiyalar üçün prioritet sahələrin, Strateji Plan üzrə praktiki yanaşmalar və institusional mexanizmlərin, monitorinq və qiymətləndirmə alət və metodlarının, maliyyələşmə imkanlarının, o cümlədən İslam İnkişaf Bankı (İİB), milli və regional mənbələr, İslam maliyyələşmə alətlərinin müəyyən edilməsi, həmçinin Strateji Plan çərçivəsində əsas alət kimi çıxış edən müqaviləli kənd təsərrüfatı və bu sahədə ən yaxşı təcrübələr və siyasi mexanizmlər ətrafında fikir mübadiləsi aparılıb.
Yüksək Səviyyəli Ekspert görüşündə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin rəhbəri ölkəmizdə ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər, mövcud vəziyyət və gələcək həllər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, müzakirə edilən mövzulara dair müvafiq rəy və tövsiyələrini qeyd edib.
Daha A.Cəfərli ilə sözügedən iclasın sədri, Qətərin Bələdiyyə Nazirliyin Ərzaq Təhlükəsizliyi Departamentinin direktoru Masoud Al-Marri arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi üçün ikitərəfli görüş keçirilib. Görüşdə 2016-cı ildə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun yenilənməsi, aqrar sahədə əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi və çevik formada əməli fəaliyyətlərin icrası məqsədilə Birgə İşçi Qrupunun təsis edilməsi, ticarət dövriyyəsinin artırılması üçün kənd təsərrüfatı və emalı sahəsində fəaliyyət göstərən biznes subyektləri arasında əlaqələrin təşviq edilməsi üçün hər iki ölkənin ərazisində təşkil olunan beynəlxalq sərgi və yarmarkalarda iştirakın mütəmadi təmin edilməsi, habelə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsinin təmin edilməsi barədə müzakirələr aparılıb. Görüşün sonunda tərəflər kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq potensialının mövcudluğunu nəzərə alaraq əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.