DİNİN GƏLƏCƏYİ

0

Din insanların həyatına təsir edən ən güclü fövqəltəbii sistemdir. Bu sistemin qurucusu insan və ya cəmiyyət deyildir. Çünki insan öz qurduğu sistemə qarşı çıxacaq qüdrətə sahibdir. Tarixə nəzər yetirdikdə bunun çoxsaylı nümunələrini görmək mümkündür. Lakin dinin yaradıcısının Allah olduğunu qəbul etdikdə, bu sistemin niyə uzun əsrlər boyunca mövcudluğunu qoruduğunu izah etmək olar. Belə ki, insanlar tərəfindən qurulan dövlətlər və idarəetmə formaları zamanla dağılmış və ya fərqli şəkillərdə yenidən təşəkkül tapmışdır. Din isə belə deyildir. Dinin təşəkkülündə insan müdaxiləsi yoxdur. O, uca və əlçatmaz bir qüvvə tərəfindən kamil şəkildə yaradılmışdır. Uzun əsrlər boyu dinlərin cəmiyyətə baxan tərəfləri dəyişsə də, mahiyyəti etibarilə bütün dinlər eyni nəticədə həmfikirdir: yaradıcı qüvvə vardır və o, fövqəltəbii (insanüstü) bir mahiyyətə malikdir.

Dinlər inanc normalarından və əxlaq qaydalarından ibarətdir. Tarixə nəzər saldıqda təkallahlı dinlərdə bu ardıcıllığın pozulmadan davam etdiyini görürük. Zamanın ruhuna, insanların mənəvi hiss və həyəcanlarına xitab etmək, dünyəvi işlərini nizamlamaq, insanlara yol göstərmək və cəmiyyətdəki qarışıqlıqları aradan qaldırmaq dinin əsas meyarlarıdır. İlahi mənşəli dinlərin sonuncusu və ən mükəmməli olan İslam fərdi, ictimai və sosial sahələrdə öz varlığını qoruyub saxlayır.

Müasir dünya təkamül mərhələlərinin pillələrini sürətlə adlayır. Bu dövrdə dinin insan həyatındakı və cəmiyyət nəzərindəki mövqeyi getdikcə zəifləyir. Yeni nəslin nümayəndələri əvvəlki nəsillərlə müqayisədə dindən daha çox uzaqlaşır. Bu gün dünyanın bir çox inkişaf etmiş ölkəsində xristianlıq sadəcə milli kimliyin bir ünsürü kimi mövcudluğunu davam etdirir. Dindən uzaqlaşma halları getdikcə artır. İnsanlar əvvəllər Allah, din, peyğəmbər və ya müqəddəs kitab haqqında tərəddüdlə suallar verirdilərsə, bu gün yeni nəslin nümayəndələri bu mövzularda çəkinmədən fikir bildirir, hətta tənqidi mövqedən yanaşırlar. Qeyd olunanlar istər-istəməz bizi dinin gələcəyi haqqında düşünməyə sövq edir.

Belə bir şəraitdə İslamın mövqeyi necədir? İslam da digər dinlər kimi zəifləyirmi, yoxsa öz mövqeyini qoruyub saxlayırmı? Bu suallara müxtəlif cəhətlərdən cavab vermək mümkündür. Lakin ümumi mənzərəyə nəzər saldıqda İslamın digər dinlərdən fərqləndiyini görürük. İslam insanları qəliblərə salmır. Əksinə, mövcud qəlibləri dağıdaraq onları azad düşünməyə, sərbəst hərəkət etməyə və heç kimdən asılı olmadan tək olan Allaha ibadət etməyə dəvət edir. İslamın ümumbəşəri xüsusiyyətlərini görən və obyektiv şəkildə dəyərləndirən hər bir şəxs bu dini qəbul edir.

Təəssüf ki, bədniyyətli insanların qərəzli əməlləri İslamın gözəl tərəflərinin düzgün təqdim olunmasına mane olur. Onlar insanları öz baxış bucaqlarından baxmağa məcbur edir. Belə olduqda İslamın gözəllikləri mənfi bir obraz şəklində təqdim edilir. Məsələn, orta əsrlərdə İslam ölkələrinə səyahət etməmiş avropalı müəlliflər İslamı və müsəlmanları cinayətkar kimi qələmə verirdilər. Bu baxış o qədər geniş yayılmışdı ki, Qurani-Kərim belə həmin təhrif olunmuş yanaşma əsasında ərəb dilindən latın dilinə tərcümə edilirdi. Bu gün də İslama qarşı bəslənən münasibət bənzər mahiyyət daşıyır.

Hər nə qədər qaragüruh qüvvələr İslamın qarşısını kəsməyə çalışsalar da, Avropada müsəlman olanların sayı artmaqdadır. Avropa bir tərəfdən dindən uzaqlaşarkən, digər tərəfdən bölgəyə köç edən və ya İslamı qəbul edən insanlar sayəsində bu din daha geniş kütlələr arasında yayılır. Qərbdə dinin gələcəyi, əsasən, dindən uzaqlaşma ilə xarakterizə olunur. Bununla yanaşı, mənəvi böhranlardan əziyyət çəkən bir çox insan İslamla tanış olaraq problemlərinə çarə tapır. Fərdi, ictimai və sosial baxımdan İslamın dünyaya bəxş etdiyi və gələcəkdə də edəcəyi töhfələr insanlığın qurtuluşuna zəmin hazırlayır. Elə isə İslamın gələcəyi xəyali ideallar üzərində deyil, reallıqla uzlaşan, insanı mənəvi və sosial baxımdan xoşbəxtliyə aparan bir dünyanın qurulmasında təcəssüm edir. Dünya inkişaf etdikcə, insanlıq yeni axtarışlara yönəldikcə və mənəvi boşluqlar dərinləşdikcə, İslamın həqiqətə söykənən dəyərləri daha aydın görünəcək və bu dinin təsir gücü daha da artacaqdır.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜÇ GÜN GEOMAQNİT QASIRĞASI OLACAQ

Üç gün geomaqnit qasırğası olacaq. Bu barədə "Report"a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, Geomaqnit sahəsinin Tac Dəliklərinin geoeffektiv olması...

Bağla