Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda regional konfrans təşkil ediləcək.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 21-də baş tutacaq tədbirdə Dini Komitənin və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Konfransda din xadimlərinin inklüziv, tolerant və ədalətli cəmiyyətin qurulmasında oynadığı roldan, bu sahədə qarşıya qoyulan hədəf və məqsədlərdən bəhs olunacaq. Regional konfransın “Dini müxtəliflik və birgəyaşayış milli-mənəvi dəyərlərimiz kontekstində” və “Regionun dini-mənəvi mühiti: ənənə və müasirlik” panellərində Azərbaycandakı dini və etnik müxtəlifliyin tarixi kökləri milli-mənəvi dəyərlər prizmasından təhlil ediləcək.