Muxtar Babayev: Azərbaycan və Türkiyə COP29-un nəticələrini enerji keçidinə töhfəyə çevirir

0

Bu gün Azərbaycan və Türkiyənin iqlim və enerji sahəsində əməkdaşlığı, 2024-cü ildə Bakıda keçirilmiş BMT-nin Qlobal İqlim Forumunun (COP29) nəticələri ilə birlikdə, hər iki ölkəyə və bütün dünyaya enerji keçidinin sürətləndirilməsinə töhfə verir.

“Report”un Türkiyə bürosunun verdiyi məlumata görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin yaratdığı riskləri və enerji keçidinin açdığı imkanları nəzərə alaraq, iqlim və enerji sahəsində tərəfdaşlığı genişləndirir:

“Türkiyə son illərdə iqlim siyasəti sahəsində mühüm addımlar atıb. Qəbul olunmuş iqlim qanunu ölkənin uzunmüddətli karbon neytrallığı hədəfinə fundamental əsas yaradıb. Bu qanun Türkiyənin iqlim dəyişiklikləri ilə mübarizədə iradəsini və qətiyyətini göstərən tarixi qərardır. Türkiyənin müəyyən etdiyi milli iqlim hədəfləri də onun qlobal proseslərdə məsuliyyətli tərəfdaş olduğunu sübut edir. Emissiyaların azaldılması, təmiz enerji mənbələrinin genişləndirilməsi və “yaşıl investisiyaların” təşviqi istiqamətində atılan addımlar ölkənin dekarbonizasiya yolunu aydın şəkildə ortaya qoyub. Hər iki ölkə enerji keçidinin yaratdığı imkanların fərqindədir və hər zaman qlobal enerji sistemində məsuliyyətli tərəfdaş qismində çıxış edib”.

M.Babayev əlavə edib ki, hazırda Azərbaycan və Türkiyə bərpa olunan enerji sahəsində əhəmiyyətli layihələr həyata keçirir:

“Hər iki ölkə bu layihələri sürətləndirdikcə əməkdaşlığımız həlledici əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan arasında imzalanmış yeni elektrik ötürücü xətti üzrə anlaşma memorandumu Avropanın enerji təhlükəsizliyi və regionumuzun rifahı baxımından tarixi əhəmiyyət kəsb edir. Bu Forum isə mövcud razılaşmalar üzərində yeni əməkdaşlıq imkanlarının tapılması və hər iki ölkə üçün perspektivlərin genişləndirilməsi baxımından xüsusi önəm daşıyır”.

O qeyd edib ki, COP29-da qəbul edilən qərar və öhdəliklər hər iki ölkəyə və dünyaya iddialı enerji planlarını reallaşdırmaqda dəstək olacaq:

“Xatırlatmaq istərdim ki, COP28-də Dubayda ölkələr ədalətli və nizamlı enerji keçidi çağırışı ətrafında bir araya gələrək, mövcud enerji sisteminin dekarbonizasiyası və gələcəyin təmiz enerji sisteminin qurulması üçün iddialı hədəflər müəyyən ediblər. Bu hədəflərə 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üç dəfə artırılaraq 11 000 giqavata çatdırılması, həmçinin enerji səmərəliliyinin illik qlobal artım tempinin 2 %-dən 4 %-dən yuxarı səviyyəyə yüksəldilməsi daxildir. COP29-da Bakıda isə bu öhdəliklərin reallığa çevrilməsi üçün növbəti məntiqi addımlar atmaqda qətiyyət nümayiş etdirdik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan İƏT-in Yüksək Səviyyəli Ekspert görüşündə iştirak edib

Azərbaycan Qətərin paytaxtı Dohada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlük çərçivəsində Ərzaq Təhlükəsizliyi Ehtiyat Sisteminin (ƏTES) yaradılması, bunun üçün strateji kənd...

Bağla