NƏBƏVİ KƏLAMIN CAZİBƏSİ

0

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:   

“(Nemətimizi tamamlamaq məqsədi ilə) Sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içinizdən bir peyğəmbər göndərdik”. (əl-Bəqərə, 151)

Uca Allaha (c.c) şükürlər və həmd-sənalar, Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Rəsulullahın cismi ilə bizləri 1400 ildir tərk etməsinə rəğmən, Onu sevən qəlblərə ərməğan etmiş olduğu mərifət və fəzilət mirası, varislərinin çalışmaları ilə günümüzdə də təmizləyici və tərbiyə edici keyfiyyəti ilə öz canlılığını davam etdirməkdə və möhtəşəm cazibəsi ilə iman əhlini qulluq dairəsində tutmaqdadır.

Rəsulullahı tanıma və əxlaqı ilə əxlaqlanma istiqamətindəki  xidmətləri ilə qəlbləri nəbəvi tərbiyənin inşa etdiyi mənəviyyat mühitinə dəvət edən Osman Nuri Topbaş əfəndi belə buyurur: “Səhabə və söhbət kəlmələrinin eyni kökdən törəməsi nəzəri diqqətdən yayınmamalıdır. Səhabə nəsli Rəsulullaha qarşı duyduqları məhəbbət, hörmət və ədəb hissiyyatı içində mənəvi söhbət və tərbiyədən murad edilən istifadənin ən mükəmməl nümunəsi olmuşlar. Allah Rəsulunun (s.ə.s) söhbət məclisləri inanılmaz bir həyəcan iqlimində cərəyan edərdi.  O (s.ə.s) danışarkən ətrafındakılar onu elə bir həsrət və sevgi ilə dinləyərdilər ki, üzərlərində hüzur və vəcd halı müşahidə edilərdi. Ondan (s.ə.s) əshabına əks edən ədəb və həya o dərəcədə idi ki, çox zaman Rəsulullaha sual verməyə belə cürət etməzdilər. Məhz bu ədəblə Allah Rəsulunun feyzli söhbəti və mənəvi tərbiyəsi ilə nəfslərini pisliklərdən arındıran və qəlblərini lazımsız hər şeydən təmizləyən səhabə nəsli, dünyanın ən mümtaz insanları halına gəldilər. Onların dildən-dilə dolaşan və könüllərdə yer edən fəzilət dolu həyat səhifələri dövrləri və diyarları öz təsiri ilə heyran buraxdı”.

Bu fəzilət səhnələrini anladan Ənəs (r.a) belə nəql edir: “Rəsulullah (s.ə.s) səhabələrlə bərabər Bədirdə müşriklərin önünü kəsənə qədər yürüdü. Müşriklər yaxınlaşmağa başlayınca səhabələrinə bunları söylədi:“Haydı! Genişliyi göylərin və yerin genişliyi qədər olan Cənnətə tələsin!” Rəsulullahın dodaqlarından süzülən bu kəlamın nuraniyyəti ilə qəlbi çırpınan Umeyr b. Həmam həzrətləri: “Nə xoş, nə xoş!”- dedi. Rəsulullah ona:“Bunu niyə söylədin?”– deyə soruşduqda o: “Allaha (c.c) and olsun ki, bunu yalnızca Cənnət əhlindən biri olmağı arzuladığım üçün dedim”, – deyə cavab verdi və şəhid düşənə qədər döyüşdü.

Nəbəvi kəlamın cazibəsi ilə iç aləmini Allah və Rəsuluna təslimiyyət zəminində yoğurmuş olan Amr b. Cəmuh (r.a) da nəbəvi dəvətin ön sıralarında qərar tutmaq ümidində idi. Lakin topal olan Amrın (r.a) Uhud savaşına qatılmasına əngəl olan oğulları ona: “Allah (c.c) əlilliyindən dolayı səni üzrlü saymışdır”, – dedilər. Müdhiş bir sarsıntı keçirən Amr Rəsulullaha (s.ə.s) yaxınlaşdı və qərarlı duruşu ilə: “Ey Allahın Rəsulu! Oğullarım məni Səninlə gəlməyə qoymurlar, amma mən Allaha (c.c) and içirəm ki, bu axsaq ayağımla Cənnətə basmaq istəyirəm!”- dedi. Bunun üzərinə Rəsulullah (s.ə.s) ona: “Sən cihadla məsul deyilsən. Allah sənə iştirak etməmək izni vermişdir”,– dedi və oğullarına da: “Siz də onu əngəlləməyin. Ümid edilir ki, Allah onu şəhadətlə ruziləndirər”,– müjdəsini verdi. Bu səbəblə oğulları onu sərbəst buraxdılar. Əbu Talha (r.a) Amrın döyüşə qatılmasını belə anladırdı: “Hərb anında müsəlmanlar dağılıb təkrar toplandığı zaman mən Amr b. Cəmuhu ən ön səfdə gördüm. O: “Allaha and  olsun ki, Cənnətə aşiqəm”,- deyirdi. Daha sonra oğlu Halladın onu təqib edərək qoruduğunu gördüm. Bu hal ikisi də şəhid düşənə qədər davam etdi. Uhud savaşından 46 il sonra sel nəticəsində Amr həzrətlərinin və digər şəhid səhabələrin açılan qəbirlərindəki cəsədlərinin sanki dünən ölmüş kimi heç bir dəyişikliyə uğramaması ibrət verici səhnə olaraq İlahi kəlamın təntənəsini ifa etməkdə idi: “Allah yolunda öldürülənləri qətiyyən ölü zənn etmə, çünki onlar diridirlər. Rəbləri qatında ruzilənməkdədirlər. Allahın onlara verdiyi fəzilətdən (şəhadətdən) dolayı sevinclidirlər”.( Ali-İmran, 169)

 Rəsulullahın müstəsna tərbiyəsi ilə yetişmiş məna ərlərinin feyz saçan qulluq mirasının əsrlərlə diri qalmasının sirrini açıqlayan Həmdun Qəssər həzrətləri belə buyururdu: “Bu diriliyin səbəbi onların Allah üçün, din üçün çalışmalarında idi. Sözləri və işləri dinin dirilişi naminə idi. Haqq-Təalanın muradına uyğun söz söyləyən, Haqq ilə danışan kimsələrin sözlərində ruhlara təsir edən (və onların kamilləşməsinə xidmət edən) sirlər vardır”.

Etiraf etmək lazımdır ki, onları əsrlərin qəhrəmanı edən də məhz bu xüsusiyyətləri idi. Zamanımız  qəlbləri onlar kimi İslamın gerçək nuru ilə zirvəyə çıxaracaq Allah (c.c) və Rəsulullah (s.ə.s) aşiqlərinə nə qədər də möhtacdır…

MÜBARİZ ƏLİOĞLU

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KAİNAT, QURAN VƏ İNSAN

Bağla