PAYLAŞMAQ XOŞBƏXT EDİR!

0

Bir şamla minlərlə şamı yandırmaq olar və şamın ömrü qısalmaz. Paylaşmaq da elədir. Paylaşmaqla  xoşbəxtlik heç vaxt azalmır…

İnsan sosial varlıqdır. Ətrafındakı insanlarla ünsiyyət qurmaq onun əsas psixoloji  ehtiyaclarından biridir. O öz fikir və düşüncələrini dünyada onunla birlikdə yaşama şansına sahib olan insanlarla paylaşdıqca mənəvi olaraq daha da zənginləşir və varlığının dəyərini hiss edir. Başqalarının gözündə var olmağa ehtiyac duyan insan, özünü ətrafındakı insanların zövqünə uyğun dizayn etməyə başlayır.  Özü kimi görünməkdən çox başqalarının istədiyi kimi görünməyə çalışır. Cəmiyyətin tələbinə uyğun davranışlar sərgiləyir, zövqlərini ona görə formalaşdırır və kollektiv şüuru ilə yaşamağa məcbur olur. Bütünlükdə hər şey onun istədiyi kimi baş vermir. Zövqləri və istəkləri uşaq yaşlarından yetişdiyi mühit tətəfindən formalaşdırılır, gedəcəyi yola istiqamət verilir.

Bunun əksini düşünmək isə sözün həqiqi mənasında çox çətindir.  Tək adamlık hücrələrdə cəzalarını çəkən məhkumlar bir müddətdən sonra ciddi psixoloji problemlərlə qarşı qarşıya qalır. Təklik və yalnızlıq insanı özündən və ruhundan uzaqlaşdırır. Ətrafımızdakı insanlar əslində bizim üçün güzgü rolunu oynayır. Əlimizdə güzgü olmadığı zaman üzümüzdəki nöqsanları görə bilmədiyimiz kimi, davranışlarımızın da nöqasanlarını görmək üçün mütləq insanların olması lazımdır. İnsanların tələblərinə uyğun sərgilədiyimiz davranışlar yüksək qiymətləndirildiyi zaman xoşbəxt oluruq.

Daxili ruh halımızı yaxşılaşdıran davranışlardan biri də paylaşmaqdır. Sevgini, təbəssümü, sahib olduğun malı və imkanı. Kimin nəyi varsa onu paylaşdığı zaman xoşbəxt olur. Sadəcə özünü düşünüb, özü üçün yaşayan eqoist insanlar davamlı olaraq həyacan və təşviş içərisində olur və sahib olduqlarının zövqünü belə yaşamağa çətinlik çəkir.  Paylaşmaq malı azlatmadığı kimi, əksinə malı daha da bərəkətləndirir və çoxaldır. Sahib olduğun elmi paylaşmaq elmini daha da zənginlışdirir. Çünki öyrənməyin ən gözəl yollarından biridir öyrətmək. Öyrətdiyin zaman daha çox öyərnirsən. Sahib olduğun maldan paylaşdıqca daha çoxuna sahib olursan. Dünyada qoyulan ilahi mexanizim budur. Bir zəngindən soruşurlar. Necə olub zəngin oldun? deyə. O da cavab olaraq deyir ki, Allahla yarışdım. Allah verdi, mən verdim ən sonunda Allah qazandı və mən zəngin oldum. Bu həyatın sadə düsturudur. Bir qabın içərisinə yeni suyun və ya mayenin daxil olması üçün mütləq şəkildə içərisində olan mayenin boşalması lazımdır. Davamlı bir yerdə qalarsa iylənər, xarab olar və insana faydasından çox zərəri toxunar. Mal mülk də belədir. O sahibinə paylaşıldığı zaman xeyir verir. Yerində qaldığı zaman isə dərdə, təhlükəyə və mənəvi narahatlığa səbəb olur.

Paylaşmaqdan söz açılmışkən bir də günümüzün əsas trendlərindən olan sosial media üzərindən edilən paylaşımlara da nəzər yetirmədən keçmək doğru olmazdı. Belə ki, bu gün hər birimizin bildiyi müxtəlif məşhur sosial şəbəkələr insanlardakı paylaşma ehtiyacının yarısından çoxunu qarşılayır. Ancaq bu paylaşmaqla bizim qeyd etməyə çalışdığımız paylaşma duyğusu bir-birindən tamamilə fərqlənir. Sosial şəbəkə istifadəçisi olan hər kəs demək olar öz səhifəsində heç bir zaman neqativ duyğulara yer vermir. Davamlı olaraq bahalı restoranlardakı yeməklərindən, əzizləri ilə yaşadığı xoş günlərindən, həyatda qazandığı uğurlardan bəhs edən paylaşımlar edir. Sanki həmin insanın həyatında hər şey davamlı olaraq yaxşı gedir, o dərd çəkmir, yoxluğun nə olduğunu bilmir və o anadan doğulduğu gündən bu günə kimi xoşbəxt həyat yaşayır və belə yaşamağa davam edəcək.  Bunu izləyən zavallı dostları da eyni həyatı yaşaya bilmədiyi üçün ruhən əzab çəkir və özünü lazımsız əşya kimi hiss edir. Bizim ifadə etməyə çalışdığımız paylaşma ruhunda isə sahib olduqlarını başqalarına göstərmək yox, başqaları ilə paylaşmaq durur. Özünü başqalarına göstərmək onlara əzab verər, sahib olduqlarını onlarla paylaşmaq isə onları və səni xoşbəxt edər.

Yuxarıda qeyd etdiyimiz sosial şəbəkə qəhrəmanlarının həyatında gördüklərimiz də əslində mütləq bir xoşbəxtlik deyil. Sənə onu xoşbəxtlik kimi göstərib səni də eyni sistemin içərisinə daxil etmək istəyən bir sistem var.  Hər kəs çox şeyi özü istədiyini zənn edir, ancaq unudur ki, onun istədiyini ona göstərən və ona istədən bir sistem var. Görmədiyin, bilmədiyin bir şeyi istəmək sənin heç ağlına da gəlmir. O vaxt sən bir şeyi istəməyə başlayırsan ki, həmin şeyi sənə göstərirlər və ehtiyacın olduğunu deyirlər və sən onu istəməyə başlayırsan. Əldə etmək üçün isə dərdiən qabıqdan çıxırsan.

Son olaraq unutmayın xoşbəxtliyin özü belə bir dostla paylaşılmadığı zaman yarımçıq olur. Paylaşdığın sənindir, topladığın isə yox. Sevinc paylaşıldığı zaman çoxalır, dərd paylaşıldığı zaman azalır… 

Dr. Eldar Kərimov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə “Hər məsciddə kitabxana” layihəsinə başlayır. Layihənin məqsədi məscidlərin...

Bağla