Qətərin vasitəçi kimi çıxış etdiyi Qəzza zolağında münaqişənin həlli üçün aparılan danışıqlar İsrailin Dohaya endirdiyi zərbədən sonra dayandırılıb.
“Report”un xəbərinə görə, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani deyib.
“Qəzza ilə bağlı danışıqlar prosesinin uğurlu keçməsi üçün hər cür səy göstərmişik. Qəzzaya qarşı təcavüzü dayandırmaq üçün əlimizdən gələni etdik. İndiki danışıqlara gəlincə, mən inanmıram ki, bu gün gördüyümüzdən (9 sentyabr – red.) sonra onlar həyat qabiliyyətli ola bilər”-, deyə nazir əlavə edib.
Onun sözlərinə görə, bu hücum təkcə beynəlxalq hüququn deyil, həm də etik normaların pozulmasıdır: “Son günlər danışıqlar Amerika tərəfinin xahişi ilə ondan alınan yekun sənədin müzakirəsi ilə bağlı irəliləyir və davam edir. Buna baxmayaraq, davamlı olaraq Dohaya nümayəndə heyətləri göndərən İsrail həll yolu tapmaq üçün bütün cəhdləri (Qəzzadakı münaqişəni) sabotaj etməyə çalışıb”.