QURANİ-KƏRİM HƏR ŞEYİ AÇIQLAYAN KİTABDIRMI?

0

Bəşər tarixində elə əlamətdar hadisələr, şəxsiyyətlər və zaman intervalları vardır ki, onlar dünyanı başdan-başa dəyişmişdir. Böyük kütlələrə təsir göstərmək asan məsələ deyildir. Tarixi hadisələrin formalaşma prosesini və insan-cəmiyyət kontekstində necə təsir göstərdiyini kitabdan oxuduqda, insanlar bu təsirin mahiyyətini tam dərk edə bilmirlər. Çünki sözügedən hadisələrin təsiri onların yaşadığı dövrdən əvvəl baş vermişdir. İllər və əsrlər keçdikcə hadisələrin təsir gücü azalmış, cəmiyyətin bu hadisələrə yanaşma tərzi də dəyişmişdir. Bu prizmadan baxdıqda görürük ki, əlamətdar hadisələrin təsiri çox vaxt baş verdiyi dövrlə məhdud qalır.

Qurani-Kərimin isə bu xüsusiyyəti yoxdur. Bilirik ki, Qurani-Kərim Allah-Təala tərəfindən insanları doğru yola yönəltmək üçün göndərilmiş ilahi təbiətli bir kitabdır. Cəmiyyətdə sülhün və əmin-amanlığın bərpası, insan-insan, insan-cəmiyyət və cəmiyyətlərarası münasibətlərin sağlam təməllər üzərində qurulmasında bu kitabın mühüm rolu vardır. Qurani-Kərimin təsir dairəsi bu gün də mövcudluğunu qoruyur. Şübhəsiz ki, bu, insan tərəfindən uydurulmuş bir kitabla mümkün deyil. Hər dövr üçün keçərli olan bir kəlam insan sözü ola bilməz. Belə olan halda, məntiq elminin qaydalarına əsasən belə bir nəticəyə gəlmək olar: Qurani-Kərim nə insan sözü, nə də xürafədir. O, ilahi mənbədən nazil olmuş müqəddəs bir kitabdır. Zaman və məkan faktorları isə Qurani-Kərimin Allah-Təalanın sözü olduğunu sübut edən maddi dəlillərdən sadəcə bir neçəsidir.

Qurani-Kərimlə bağlı bu qısa məlumatdan sonra əsas sualımıza qayıdaq: Qurani-Kərim hər şeyi açıqlayan bir kitabdırmı? Bu suala xüsusi kontekstdən yanaşdıqda “bəli”, ümumi kontekstdə isə “xeyr” cavabını vermək mümkündür. Fikrimizə aydınlıq gətirmək üçün aşağıdakı məqamlara nəzər salaq:

  1. Möhkəm və mütəşabih ayələr- “Möhkəm” – hər kəsin asanlıqla anlaya bildiyi, dəqiq mənalı ayələrdir. Qurani-Kərimdə halal, haram, namaz, oruc, zəkat və həcc kimi ibadətlərin hökm ifadə edən ayələri bu qəbildəndir. “Mütəşabih” isə çoxmənalı ayələrdir və onların mənasının düzgün başa düşülməsi üçün əlavə dəlillərə ehtiyac vardır (Cerrahoğlu, 1997, s. 128). Məsələn, Qurani-Kərimdə keçən “ərş” və “kürsü” kimi terminlər mütəşabih ayələrə aiddir (əl-Bəqərə, 2/255; əl-Əraf, 7/54).
  2. Qurani-Kərimdə qərib sözlər vardır- Qərib sözlər – ərəb mənşəli olmayan, başqa dillərdən alınmış sözlərdir. Bu sözlərin mənasını düzgün başa düşmək üçün təfsir elminə ehtiyac vardır. Məsələn, “Tur” sözü süryani mənşəlidir və “dağ” mənasını verir.
  3. Həqiqi və məcazi mənalar- Qurani-Kərimdə ayələrin ifadəsində əsasən həqiqi mənalar işlədilsə də, bəzi sözlər və ifadələr məcazi mənada da istifadə olunmuşdur. Məsələn, “əl-Bəqərə” surəsinin 2/16-cı ayəsində yer alan “onlar ticarətlərində qazanc əldə etmədilər” ifadəsi məcazidir və müxtəlif mənalarda yozula bilər.

Bu nüanslardan belə bir nəticə hasil olur: Qurani-Kərim hər şeyi detallı şəkildə açıqlayan bir kitab deyildir. Əgər elə olsaydı, kitabın həcmi çox böyük olardı ki, bu da reallığa ziddir. Bundan başqa, Qurani-Kərim hər şeyi tam izah etmiş olsaydı, o zaman Hz. Muhəmmədin (s.ə.v.) peyğəmbərliyinə də ehtiyac qalmazdı. Halbuki, Qurani-Kərimdə Allah-Təala namaz qılmağı əmr edir, lakin bu ibadətin necə yerinə yetiriləcəyinə dair təfərrüatlar yoxdur. Bu məsələlər bizə Peyğəmbərimizin (s.ə.v.) sünnəti vasitəsilə çatdırılmışdır. Belə ki, Rəsulullah (s.ə.v.) buyurmuşdur: “Məni necə namaz qılarkən görürsünüzsə, siz də elə qılın” (Buxari, “Əzan”, 18). Bu da göstərir ki, Qurani-Kərim hər şeyi açıqlamamış, bəzi məsələlərə isə ümumi şəkildə toxunmuşdur.

Təəssüf ki, son dövrün bəzi “elm sahibləri” öz fikirlərini əsaslandırmaq naminə həqiqəti görməməzlikdən gəlirlər. Maraqlıdır, onların bu cür yanaşmasının səbəbi nədir? Əgər bu “elm xadimlərinin” fikirləri Qurani-Kərimə ziddirsə, zaman və məkan onları bir gün ifşa edəcək və bu fikirlər zamanın axarı içində yox olub gedəcəkdir. İnsanlar isə belə düşüncələrin təsirində qalmaqdansa, daha çox araşdıracaq və oxuyaraq həqiqəti dərk etməyə çalışacaqlar.

Murad Ağayev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ YERLƏRDƏ YAĞIŞ YAĞACAQ

İyulun 8-də Azərbaycanda əsasən havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən...

Bağla