RUHUN TƏRBİYƏSİ

0

İnsan, bədən və ruh kimi iki fərqli ünsürün daxili tarazlığından ibarət möhtəşəm bir varlıqdır. Maddi quruluşumuz olan bədən daima nəfsani istəklərə, rahatlığa və həzzlərə meyil etdiyi halda ruhumuz ucalığa, saflığa və ilahi hüzura can atır. Oruc, məhz bu iki güc arasındakı tarazlığı təmin edən, insanı heyvani hisslərin əsirliyindən qurtarıb mələki xislətlərə yüksəldən müqəddəs bir tərbiyə məktəbidir.

Peyğəmbər Əfəndimiz (s.a.s) orucun bu qoruyucu mahiyyətini cəmi iki kəlmə ilə möcüzəvi şəkildə ifadə etmişdir: “Oruc bir qalxandır.” (Buxari, Savm 2). Bu qalxan, mömini dünyada günahların hücumundan, qəbirdə mənəvi sıxıntılardan, axirətdə isə cəhənnəm atəşindən qoruyur. Lakin bu qalxanın funksiyasını yerinə yetirməsi üçün Peyğəmbər Əfəndimiz (s.a.s) bizə bir ədəb öyrədir: “Oruclu şəxs pis söz söyləməsin və cahillik etməsin. Əgər biri onunla dalaşarsa və ya ona sataşarsa, “Mən orucluyam’ desin”.” Bu, sadəcə bir söz deyil, iradənin nəfs üzərindəki qələbə sədasıdır.

Oruc vasitəsilə insan ən çətin anlarda belə soyuqqanlılığını qorumağı və səbir etməyi öyrənir. Səbir, uğura gedən yolun ən mühüm şərtidir. Öz malı olan yeməyə, suya və hətta qanuni olan istəklərinə belə Allahın əmri ilə “dayan” deyən mömin, iradəsini poladlaşdırır. Bu iradə tərbiyəsi onu həyatın digər sınaqları, xəstəlikləri və çətinlikləri qarşısında da mətanətli edir. Oruc tutan şəxs əslində Rəbbinə belə deyir: “Ey Rəbbim, Sən “dayan” dediyin üçün mən ən təbii ehtiyaclarımdan belə imtina edirəm. Mənim iradəm Sənin rizandan daha böyük deyil.”

Unutmamalıyıq ki, orucun ali hədəfi sadəcə mədəni aclıqla sınağa çəkmək deyil, əxlaqı gözəlləşdirmək və təqva zirvəsinə ucalmaqdır. Çünki ruhun təkamülü bədənin gücünü məhdudlaşdırıb ruhun gücünü artırmaqla mümkündür. Əks halda, oruc mənəviyyatdan məhrum olar. Allah Rəsulu (s.a.s) bu təhlükəni belə bəyan edir: “Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur (qiymət verməz).” (Buxari, Savm 8). Hətta digər bir hədisdə: “Neçə oruc tutanlar vardır ki, orucundan onlara qalan sadəcə aclıq və susuzluqdur” (İbn Macə, Siyam 21) buyurularaq, orucun bütün orqanların iştirakı ilə (dilin qeybətdən, gözün haramdan qorunması ilə) tamamlanması lazım olduğu vurğulanır.

Oruc həm də insan fıtratındakı üsyankar quruluşu yatırır. İnsan ac qaldıqda öz acizliyini anlayır, Allahın verdiyi nemətlərin qədrini bilir və bu şüurla şükrə yönəlir.

Rəşad Manafov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev: Azərbaycan … dünyada birinci yerdədir

Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. "Report" xəbər verir ki, bu barədə Prezident İlham...

Bağla