Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

0

İyulun 1-də Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti Mənəvi Dəyərlərin Təbliği Fondunun dəvəti ilə Azərbaycana səfərə gəlib.

Fonddan bildiriblər ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının məzarlarını ziyarət ediblər.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunda Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftisi Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müftisi Beglar Kamaşidze və katibi Oktay İsayevdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. M.İsmayılov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin Tbilisi şəhərində elan olunması, XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycanın inkişafında müstəsna rol oynayan ziyalılarımızın Qori şəhərində yerləşən Müəllimlər Seminariyasında təhsil alması, dövlət müstəqilliklərimizin bərpasının eyni dövrə təsadüf etməsi, hər iki ölkədə etnik və mədəni müxtəlifliyin, birgəyaşayış ənənəsinin, dini dözümlülüyün mövcudluğu və s. xalqlarımızı birləşdirən ortaq dəyərlərdir. Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edən M.İsmayılov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında mənəvi əlaqələrin gücləndirilməsində Qafqaz Müsəlmanları İdarəsinin, xüsusilə bu qurumun rəhbəri şeyxülislam Allahşükür Paşazadənin önəmli rolu var. Bu baxımdan şeyxülislam Allahşükür Paşazadə ilə Gürcüstanın katalikos-patriarxı II İlyanın yüksək səviyyəli münasibətləri böyük önəm kəsb edir.

M.İsmayılov Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi tədbirlər barəsində də qonaqlara geniş məlumat verib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov və digər qonaqlar dəvətə görə Fondun rəhbərliyinə təşəkkür ediblər. Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanda gedən bütün prosesləri yaxından izlədiklərini vurğulayan Ramin İgidov bildirib ki, Gürcüstanda da dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Digər sahələrdə olduğu kimi, dini sahədə də əməkdaşlığa hazır olduqlarını vurğulayan nümayəndə heyətinin üzvləri bu baxımdan məzhəblərarası vəhdət, dinlərarası münasibətlər, tolerantlıq, multikulturalizm kimi mövzularda Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsinin onlar üçün çox önəmli olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, bir neçə gün davam edəcək səfər çərçivəsində müxtəlif dini-tarixi abidələrin ziyarət edilməsi, çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusunda yazı müsabiqəsi elan edilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi...

Bağla