ORUC QALXANDIR!

0

Bir qüdsi hədisdə Rəsulullah (s.ə.v) Allah Təalanın belə buyurduğunu xəbər verir: “İnsanın oruc xaricindəki bütün əməlləri özü üçündür. Oruc isə Mənim üçündür. Orucun mükafatını Mən özüm verəcəyəm. Oruc qalxandır! Sizdən kim oruc tutarsa, pis söz danışmasın və başqası ilə dalaşmasın. Əgər kimsə onunla dalaşarsa və ya onu söyərsə: “Mən orucluyam!” – desin. Muhəmmədin canı qüdrət əlində olan Allaha and olsun ki, oruc tutan insanın ağzından gələn iy Allah dərgahında müşk iyindən daha gözəldir. Oruc tutan üçün iki sevinc anı vardır: İftar etdiyi zaman və Rəbbinə qovuşduğu zaman sevinər” (Buxari, Sövm, 9).

Bu hədis, oruc ibadətinin məqbul olması üçün bir neçə xüsusa diqqət edilməsinə işarə edir. Öncəliklə, orucun yalnız Allah rizasını qazanmaq məqsədi ilə icra edilən bir ibadət olduğu vurğulanır. Bu elə bir ibadətdir ki, Uca Allah onun mükafatını özü verəcəkdir. Hər bir yaxşılığın mükafatı on misli olduğu halda (Ənam, 6/160) orucun mükafatını Allah özü verəcəyinə görə, bu ibadətin mükafatının misilsiz olduğu anlaşılır.

Oruc tutan şəxsdən orucunu mühafizə etməsi, özünü gözəl əxlaq ilə bəzəyərək pis əxlaqdan uzaq durması tələb olunur. Belə olduğu halda bu ibadət öz səmərəsini verər və Allahın vəd etdiyi məğfirət (bağışlama) gerçəkləşər. Qeyd edilən səbəbdən dolayı Allah Rəsulu (s.ə.v) belə buyurur: “Oruc tutmaq təkcə yemək və içməyi tərk etmək mənasına gəlmir. Əsl oruc boş işlərdən çəkinmək və dili qorumaqdır. Əgər kimsə səni söyərsə və ya sənə qarşı nadanlıq edərsə ona: “Mən orucluyam! Mən orucluyam!” – de”. (İbn Xüzeymə, “əs-Səhih”, III, 242). Bu hədisdən də məlum olduğu kimi oruc tutan şəxs orucunu qorumağa cəhd etməlidir. Şəriətin əmr etdiyi oruc təkcə yemək və içməyi tərk etmək olmadığına görə oruc tutan şəxs bütün üzvlərinə də oruc tutdurmalıdır. Çünki yeməyi və içməyi hər kəs tərk edib səhərdən axşama qədər dözə bilər. Lakin dilin və bədən üzvlərinin qorunması insandan daha güclü bir iradə tələb edir.

Hədisi-şərifdə qeyd edilən şərtlərə riayət edilərək tutulan oruc sahibi üçün bir qalxan rolunu oynayar. Dünyada nəfsinə qalxan olmağı bacaran insan üçün oruc ibadəti axirətdə cəhənnəm əzabına qarşı qalxan olar. Bu mənada Rəsulullah (s.ə.v) belə buyurur: “Oruc cəhənnəm əzabına qarşı qalxandır” (İbn Macə, Siyam, 2).

Nəticə olaraq oruc ibadəti nəfsin tərbiyə məktəbidir. Bu məktəbdə nəfsə səbr, doğruluq, gözəl əxlaq kimi məziyyətlər tədris olunur, yalan, dedi-qodu, qeybət və iftira kimi pis xüsusiyyətlər isə qadağan olunur.

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORUC TUTMAĞIN PSİXOLOJİ FAYDALARI

Ramazan ayındakı 30 günlük bir müddət yeni vərdişlərin qazanılması üçün ideal bir zaman zərfidir. Bu dövrdə əsəb problemi, impulsiv davranış,...

Bağla