ŞƏHİDLİK ƏN ÜLVİ QAYƏDİR

0

Şəhidin cənnətə girməsinə mane olan səbəb varmı?

İslam dininə görə şəhidlik mərtəbəsi ülvi bir mərtəbədir. Qurani-kərimdə şəhidlərin ölmədikləri və Rəbbi dərgahında onlara ruzi verildiyi (Ali-İmran, 3/169) buyrulmaqla şəhidlik mərtəbəsinin ülviliyinə diqqət çəkilmişdir. Bu barədə Həzrət Peyğəmbərdən nəql edilən bir çox hədis mövcuddur. Bu hədislərin hər birisi Quranda olduğu kimi şəhidliyin üstün bir mərtəbə olduğunu vurğulamaqdadır. Lakin hədislərdən birində diqqət çəkən bir məqam vardır ki, bunu bir qədər araşdırmağa ehtiyac vardır. Hədis belədir. Bir gün Allah Rəsulu (s.ə.s) başını səmaya qaldırmış və sonra əlini alnına qoyaraq belə buyurmuşdur: “Sübhanəllah! Sübhanəllah! Allah borc mövzusunda çox çətin bir şey endirdi. Muhəmmədin nəfsi qüdrət əlində olan Allaha and olsun ki, bir insan borcu olduğu halda Allah yolunda savaşsa və öldürülsə, sonra yenə yaşasa və yenə Allah yolunda öldürülsə, sonra yenə yaşasa və yenə Allah yolunda öldürülsə borcunu ödəmədikcə cənnətə girə bilməz“. (Müsnəd, Hədis no: 22493; Müstədrək, Hədis no: 2212).

Hədis üsulu baxımından bu rəvayət araşdırıldıqda müəyyən qədər zəif tərəfləri olsa da hadisçilər tərəfindən yekdilliklə bu hədisin zəif qəbul olunduğunu söyləmək mümkün deyildir. Hədisin zəifliyi sənəddə adı keçən Əbu Kəsir Mövla Muhəmməd ibn Abdullah ibn Cahşın hədisçilər tərəfindən tənqid olunması səbəbilədir. Lakin Zəhəbi (748/1348) kimi önəmli bir hədis tənqidçisi Hakimin (405/1015) əsərində keçən bu hədisi dəyərləndirərkən səhih olduğunu irəli sürmüşdür. (Zəhəbi, Təlxis, II, 25) Burada qeyd olunan hədisə yaxın mənada olan başqa bir hədis yenə Əbu Kəsir tərəfindən nəql olunmuşdur. Bu hədisə görə bir nəfər Allah Rəsulunun (s.ə.s) yanına gələrək: Ya Rəsuləllah! Əgər Allah yolunda savaşaraq ölərəmsə mənim üçün nə var! – deyə soruşmuş Həzrət Peyğəmbər ona: “Cənnət” cavabını vermişdir. O adam gedərkən Həzrət Peyğəmbər onu çağırmış: “Borcun olmamaq şərtilə” – demiş və “Bunu az öncə Cəbrail (ə.s) gələrək mənə bildirdi” – buyurmuşdur. (Müsnəd, Hədis no: 17253). Müslimin (261/875) “Səhih” adlı əsərində də bu hədisin mənasını dəstəkləyən bir hədis keçməkdədir. (Müslim, İmarə, 117) Beləliklə burada qeyd etdiyimiz bu qısa məlumatdan da görüldüyü kimi hədisin səhihliyi mövzusunda fərqli qənaətlər mövcud olsa da ümumi olaraq borcunu ödəmədikcə Allah yolunda döyüşərək şəhid olan bir insanın cənnətə girməyəcəyi fikri ağırlıq qazanmaqdadır.

Buraya qədər qeyd olunan məlumatlardan görüldüyü kimi şəhidlik mərtəbəsi önəmli bər məqam olmasına baxmayaraq qul haqqı ilə bağlı bir məsələdə Allah Təala qul haqqını öndə tutmuş və borcun şəhid olsa belə bir insanın cənnətə girməsinə mane olduğu nəticəsi ortaya çıxmışdır. Buradan belə anlaşılır ki, Allah Təala şəhid olan bir insanın qul haqqı ilə əlaqəli olmayan bütün günahlarını bağışlasa da qul haqqına aid olan günahlarını haq sahibinin halal etməsinə bağlamışdır. Borcu olduğu halda bir insanın cənnətə girməsi qul haqlarının tapdalanması olmuş olar ki, bu Uca Allahın qoyduğu ümumi qaydalarla ziddiyət təşkil etmiş olar. Ən doğrusunu Allah bilir!

f.f.d. Səfa Muradov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏNİM QARDAŞIM RƏCƏB TAYYİB ƏRDOĞAN BİRMƏNALI ŞƏKİLDƏ AZƏRBAYCANI DƏSTƏKLƏDİ

“Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan...

Bağla