TƏSƏVVÜF QAYĞIKEŞLİK, FƏDAKARLIQ TƏLİMİDİR!

0

Prof. Dr. Necdet Tosun 1971-ci ildə Bandırmada anadan olmuş, 1993-cü ildə  Marmara Universiteti İlahiyyat Fakültəsini bitirmişdir. 1995-ci ildə  Marmara Universiteti Sosial Elmlər İnstitutunda “İbn Ərəbi Öncəsi Təsəvvüfdə Xəlvət və Uzlət” adlı magistratura işini, 2002-ci ildə isə “Təsəvvüfdə Xacəgan Ekolu XII-XVII əsrlər-” adlı doktorantura işini tamamlamışdır.

2006-cı ildə dosent, 2012-ci ildə isə professor ünvanını almışdır. Hal-hazırda təsəvvüf sahəsində dekandır. Osmanlı, Orta Asiya və Hindistan təsəvvüfü haqqında elmi araşdırmaları var. İngilis, ərəb, fars və urdu dillərdini bilən Prof.Dr. Necdət Tosunun başlıca əsərləri bunlardır: Bəhaəddin Nəqşbənd: Həyatı, Görüşləri, Təriqəti; İmam Rəbbani Əhməd Sirhindi: Həyatı Əsərləri Təsəvvufi Görüşləri; Zikr və Təfəkkür;  Türküstan Dərvişlərindən Yadigar.

– Necdet bəy, son zamanlar İslamın irfani cəhəti, yəni təsəvvüf daha çox önə çıxır.  Təsəvvüf günümüzün müasir insanına və cəmiyyətə nəyi öyrədir, nəyi tövsiyə edir?

– Gözəl sualdır. Günümüzdəki insan müasir fəlsəfələrin və həyat tərzinin təsiri ilə insani dəyərlərdən uzaq qalma və fırtınanın qopması təhlükəsi ilə qarşı-qarşıyadır. Təsəvvüf bu mənəvi məngənədə sıxılan insanlığa yeni bir nəfəs, yeni bir həyat bəxş edir. Məsələn, günümüzdəki insan “mən mərkəzçi” yaşamağa meyillidir, təsəvvüf isə qayğıkeşliyi, comərdliyi, xidmət və fədakarlığı öyrədir. Məsələn: Übeydullah Əhrar həzrətləri gəncliyində hamamda insanları kisələyər, sonra da pul verməsinlər deyə qaçıb gedərmiş. Mədrəsədə bulaşıcı xəstəliyə tutulan yoldaşlarına uzun müddət xidmət edən Übeydullah Əhrar xəstəliyin ona da keçməsinə baxmayaraq xidmətdən geri qalmamışdır. Təsəvvufi əsərlərdəki bu və buna bənzər rəvayətləri oxuyan insanlara bunun mütləq az, ya da çox təsiri olacaqdır. Günümüzdəki insan sevgini, eşqi itirmişdir. Təsəvvüf insana unutduğu sevgini təkrar xatırladır. Allah sevgisini, peyğəmbər sevgisini “yarananı xoş gör, Yaradandan ötrü” düsturu ilə insan sevgisini könüllərə əkər. Digər tərəfdən günümüzdəki insanlar sürətlə tənhalaşır. Milyonlarla insanın yaşadığı böyük şəhərlərdə insanlar binalarda alt mərtəbədəki qonşusunu tanımaz hala gəlmişdir. Bu fərdiləşməyə qarşı təsəvvüf ictimailəşməni, sosiallaşmanı təşviq edir, onun qurumları olan təriqətlər vasitəsilə bunu təmin etməyə çalışmaqdadır. Bu mənada təsəvvüf böyük şəhərlərin yalnızlaşan insanları üçün qurtarıcı kimidir.

– Təsəvvüfdə əsasən qəlb tərbiyəsinə vurğu edilir. Bunun səbəbi nədir?

– Könül tərbiyəsi insanın ən çox ehtiyacı olduğu amildir. Günümüzdəki məktəblərdə fənn elmləri tədris edilir, amma qəlb tərbiyəsi və duyğu təliminə əhəmiyyət verilmir. Uzun illər əqli bacarıqlarını inkişaf etdirən, məsələn, yaxşı bir kompüter mühəndisi olan gənc qəlb tərbiyəsindən məhrumdursa, bu bilikləri ilə internetdən bank hesablarına girib oğurluq edə bilir. Həmçinin dini biliklər də bəzən tarixi hadisələri əzbərləməkdən o tərəfə getmir. Bir gün beşinci sinifdə oxuyan qızım mənə: “Ata! Sabah din dərsindən imtahan var, imtahanda veriləcək bəzi sualların cavabını kitabda tapa bilmədim, səndən soruşa bilərəmmi?” dedi. “Soruş görək”- dedim. “Peyğəmbərimiz süd anasının yanında neçə il qaldı, üç il, yoxsa dörd il?”- deyə soruşdu. “Bilmirəm, kitablarda var, tapa bilərik, amma neçə il qaldığı çox önəmlidirmi, sizə din dərsini keçən müəlliminiz bunları soruşur?” deyəndə: “Bəli, bunları soruşur”- deyə cavab verdi. Təəccübləndim. Kiçik uşaqlara quru bir tarix əzbərlətməkdənsə, Hz. Peyğəmbərin şəfqəti, mərhəməti, comərdliyi, igidliyi və s. tədris olunsa və imtahanda bunlardan soruşulsa, daha yaxşı  olmazmı? Din dərsinin riyaziyyat, fizika kimi dərslərdən fərqli olması və qəlb tərbiyəsinə, duyğulara xitab etməsi gərəkməzmi? Sonra bir neçə il əvvəl Marmara Universiteti İlahiyyat Fakültəsi müəllimi Prof. Dr. Hasan Yılmaz bəyin keçdiyi təsəvvüf dərsindən imtahan kağızına bir tələbənin yazdığı qeydi xatırladım. Kağıza cavabları yazan tələbə sonunda bu qeydi əlavə etmişdir: “Hörmətli müəllim! Allah sizdən razı olsun. Mən illərcə Quran kursunda oxudum, İmam Xətib Liseyində oxudum, İlahiyyat Fakültəsinin son kursuna gəldim, amma Allah-Təalanın bizi sevdiyini heç eşitməmişdim, ilk dəfə sizin təsəvvüf dərsinizdə eşitdim, təşəkkür edirəm”. Demək ki, ümumi mənada günümüzdəki təhsil sistemi və təəssüf ki, buna dini təhsil qurumları da daxil, qəlb tərbiyəsinə, əxlaq tərbiyəsinə, sevgi tərbiyəsinə əhəmiyyət vermirlər. Bu boşluğu doldura biləcək ən önəmli qurum məhz təsəvvüfdür. Təsəvvüfün qəlb tərbiyəsinə bu qədər əhəmiyyət verməsi işin məğzini unudan insana insanlığını, əsas hədəflərini xatırlatmaqdır.

– Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

– Mən də öz növbəmdə bütün kollektivinizə minnətdarlığımı bildirirəm.

İRFAN DƏRGİSİ

irfandergisi.com

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏKİLLƏRLƏ NAMAZ QILMAQ QAYDALARI

Bağla