Ərdoğan Paşinyanla görüşəcək, Azərbaycan-Ermənistan sülh müqaviləsi müzakirə olunacaq

0

Bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

“Report” xəbər verir ki, liderlər Bakı vaxtilə saat 6-da Praqa qalasında bir araya gələcəklər.

Görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparılacaq.

R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq. Görüşdə Zəngəzur dəhlizinin açılması da müzakirə olunacaq.

Rusiyanın TASS agentliyinin məlumatına görə, rəsmi Ankara tərəflərin ilk görüşünün iki dövlət arasında münasibətlərin normallaşmasına xidmət edəcəyini və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə başlanacağını istisna etmir.

“Praqada həm Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində, həm də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında irəliləyiş əldə oluna bilər”, – məlumatda vurğulanıb.

Diplomatik mənbə agentliyə bildirib ki, üzbəüz görüşlər telefon əlaqəsindən daha məhsuldardır.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və İrəvanla bütün əlaqələrini kəsib.

İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub.

Praqa görüşü N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olacaq.

Xatırladaq ki, bu gün Praqda Avropa Siyasi Birliyi liderlərinin sammiti keçiriləcək. Toplantıda 27-si Aİ ölkəsi olmaqla ümumilikdə 44 dövlət təmsil olunacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“BİZ AZƏRBAYCANLA ƏLAQƏLƏRİMİZİ GÜCLƏNDİRİRİK, QƏRB AYAĞA QALXIR”

“Biz Azərbaycanla əlaqələrimizi gücləndiririk, Qərb ölkələri ayağa qalxırlar”. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin əmək və sosial...

Bağla