TÜRKİYƏLİ SƏFİR: “AZƏRBAYCAN TƏLİM-MƏŞQ TOPLANIŞLARI ÜÇÜN İDEAL YERDİR”

0

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb.

MOK-un mətbuat xidmətindən verilən məlumata görə, qurumun vitse-prezidenti Çingiz Hüseynzadə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə görüşüb.

Ç.Hüseynzadə ilə görüşə gələn Cahid Bağçı “Konya-2021” İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının fəal iştirakına görə təşəkkürünü bildirib. “Konya-2021” İslam Həmrəyliyi Oyunlarında qazandığınız uğur qardaş ölkə olaraq bizi sevindirir” deyən səfir Azərbaycan idmançılarının peşəkarlığını yüksək qiymətləndirdiyini vurğulayıb. İslam Həmrəyliyi Oyunlarında izlədiyi yarışlardan danışan Cahid Bağçı Azərbaycanda gimnastika və kikboksinq üzrə istedadlı idmançıların yetişdiyini qeyd edib:

“Uşaqlıqda güləşlə məşğul olurdum, ona görə də güləşə xüsusi marağım var. Konyada Türkiyə ilə Azərbaycan güləşçiləri qarşılaşanda kimin qalib gəlməsindən asılı olmayaraq, nəticəyə sevinirdik, bir-birimizi təbrik edirdik”. Səfir onu da əlavə edib ki, Türkiyə komandalarını Azərbaycanda təlim-məşq toplantılarına göndərməkdə maraqlıdır: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir, həm bütün idman növləri üzrə infrastruktur yüksək səviyyədədir, həm də iqlimi çox gözəldir”.

Ç.Hüseynzadə Türkiyənin təşkil etdiyi “Konya-2021” İslam Həmrəyliyi Oyunlarından sonra İslam Həmrəyliyi Hərəkatının yeni bir mərhələyə keçdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, İslam Həmrəyliyi Hərəkatı yalnız İslam ölkələri arasında yox, həm də beynəlxalq arenada təsdiqini tapıb: “Konyada Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu ilə İslam Həmrəyliyi Oyunlarının təşkil olunması haqqında fikir mübadiləsi apardıq. Biz belə tədbirin təşkilatçılığının çətinliklərini bilirik, çünki özümüz təşkil etmişik. Düşünürəm ki, Türkiyə bu məsuliyyətli işin öhdəsindən gəldi”.

Çingiz Hüseynzadə Türkiyə Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlığı da xatırladıb. O bildirib ki, 30 il ərzində Milli Olimpiya Komitələri arasındakı əməkdaşlıq artıq dostluq səviyyəsinə keçib. O, növbəti İslam Həmrəyliyi Oyunlarına hansı ölkənin ev sahibliyi edəcəyi haqqında hələ danışıqlar aparıldığını və yekun qərarın verilmədiyini də qeyd edib. Görüşdə idman sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN “İTİ QOVAN”LARI “TEKNOFEST”DƏ – FOTO

Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest Karadeniz” Aerokosmik və Texnologiya Festivalındə Azərbaycan istehsalı olan “İti qovan” pilotsuz uçuş aparatları nümayiş etdirilib....

Bağla