Aprelin 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoralı diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.
Səfiri səmimi salamlayan QMİ sədri A. Paşazadə Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, ali səviyyədə əməkdaşlığın «Bir millət-iki dövlət» prinsipinə uyğun mövcud səviyyəsindən məmnunluğunu ifadə etdi, möhtərəm dövlət başçılarımız – Zati-aliləri Rəcəb Tayyib Ərdoğan və Zati-aliləri cənab İlham Əliyevin qardaş əlaqələrinin dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun yüksələn xətlə inkişafının qəlblərimizə fəxarət və qürur yaşatdığını dilə gətirdi.
Şeyxülislam A. Paşazadə qardaş ölkə olan Türkiyənin böyükelçisi olan cənab Erkan Özoralı Azərbaycanda fəaliyyətdə olduğu müddət ərzində məhz qardaş qismində qəbul etdiyini, səfirin bütün fəaliyyətinin bunun bariz nümunəsi olduğunu xüsusi qeyd etdi. QMİ sədri cənab səfirin Azərbaycanın şanlı Vətən müharibəsi zamanı qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirdi. Türkiyə-Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan qürur duyduğunu bildirən Şeyxülislam A. Paşazadə səfirə bu istiqamətdə səylərinə görə təşəkkür etdi.
Cənab E. Özoral qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətindən dərin məmnunluğunu, buradakı insanlarla ünsiyyətlərini heç bir vaxt unutmayacağını, tanınmış, nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə münasibətlərinə böyük dəyər verdiyini xüsusi vurğuladı. O, Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin qardaş Türkiyə dövləti üçün də zəfər olduğunu qeyd edərək, bu şərəfli dövrdə səfir olmaq taleyindən qürur və xoşbəxtlik duyduğunu ifadə etdi.
Şeyxülislam A. Paşazadə cənab səfiri Azərbaycan Respublikasının yüksək mükafatı – «Dostluq» ordeni ilə təltif olunması münasibətilə səmimi qəlbdən təbrik edib, cənab E.Özorala gələcək fəaliyyətində uğurlar dilədi, hər zaman azərbaycanlıların qəlbində özəl yeri olacağını xüsusi vurğuladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə qarşıdan gələn Ramazan ayının Azərbaycan və Türkiyə xalqları, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar etdi, ən xoş arzularını bildirdi.