QURAN AYI RAMAZAN

0

On bir ayın sultanı olan Ramazan ayı oruc ibadətinin əda edildiyi bir ay olmaqla yanaşı, eyni zamanda Qurani-Kərim ayı olaraq bilinir. Bunun səbəbi isə Qurani-Kərimin məhz bu ayda nazil olmağa başlamasıdır.

Bununla bağlı olaraq Allah-Təala buyurur: “Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır”.[1] Digər bir ayədə də: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik”,[2] – buyurulmaqla ilk vəhyin Ramazan ayının son günlərindən biri olan mübarək Qədr gecəsində endiyi xəbər verilir.

Bu səbəbdən Həzrət Peyğəmbər (s.ə.s) və səhabeyi-kiram Ramazan ayını sadəcə oruc tutaraq yox, eyni zamanda Qurani-Kərimi çox-çox tilavət etməklə və hətta xətm edərək keçirərdilər. Peyğəmbərimiz (s.ə.s) Ramazan aylarında hər gecə o vaxta qədər nazil olmuş bütün Quran ayələrini Həzrət Cəbrailin (ə.s) hüzurunda oxuyardı ki, buna “ərzə” deyilmişdir.[3] Vəfatından əvvəlki Ramazan ayında isə Allah Rəsulu Cəbrailə (ə.s) iki dəfə Qurani-Kərimi başdan sona ərz etmişdir. Bunun səbəbi isə həm ibadət, həm Quranın Peyğəmbərimizin (s.ə.s) zehninə tam həkk olunması, həm də yanındakı səhabələrin Qurani-Kərimi düzgün şəkildə dinləyib gələcək nəsillərə təhrif edilmədən ötürə bilmələrinin təmin olunması idi.

Peyğəmbərimizin vəfatından sonra onun bu sünnəsini səhabələri davam ettirdilər və hər il Ramazan ayında Quranı xətm etməyə başladılar. Ramazan ayında səhabələr öz ailələrini başlarına yığıb Qurani-Kərim oxumaqla çox məşğul olurdular. Tarixçi İbn Sədin qeyd etdiyinə görə, Ramazan ayında çoxlu Quran oxumaları səbəbilə səhabələrin evlərindən arı uğultusu kimi səs gəlirdi.

İslam dünyasında hər il Ramazan ayında məscidlərdə Qurani-Kərimin başdan sona qədər oxunaraq xətm olunması da məhz Peyğəmbərimizin (s.ə.s) bu sünnəsinin ədasıdır ki, buna “müqabilə” deyilmişdir.

Nəticə etibarilə, Quranı öyrənmək, oxumaq və anlamaq üçün Ramazan ayı bir fürsətdir. Həzrət Peyğəmbərin sünnəsinə sadiq olan bir möminin ən azı bir dəfə bu ayda Quranı xətm etməsi gərəkir. Hər bir müsəlman Ramazan ayında Qurani-Kərimi əlindən gəldiyi qədər oxumalı, mənasını təfəkkür etməli və Quranın buyuruqlarını lazımınca yerinə yetirməyə səy göstərməlidir.

Çünki Uca Allah: “Bəs onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlblərində qıfıllarmı var?!”[4] – buyuraraq sadəcə Quranı tilavət etməklə kifayətlənməmizi istəyir. Həzrət Peyğəmbər (s.ə.s) də Quran oxumağın fəziləti ilə bağlı belə buyurmuşdur: “Quran oxuyun! Çünki o, qiyamət günü onu oxuyanlara şəfaətçi olacaqdır”.[5]

Qurani-Kərimi ərəb dilində oxuya bilməyən kimsənin Quranı dinləməsi də bir ibadətdir. Hətta Peyğəmbərimiz də Quranı dinləməyi sevirdi. Abdullah ibn Məsudun (r.ə) nəql etdiyinə görə Peyğəmbərimiz ona: “Mənə Quran oxu!” – demiş, o da: “Ey Allahın Rəsulu, Quran sənə endirildiyi halda sənə Quranı mən oxuyum?” – deyə sual vermişdi. Bu zaman Həzrət Peyğəmbər belə buyurmuşdu: “Mən Quranı başqasından dinləməyi də sevirəm”.[6]

f.f.d. Ələddin Sultanov

[1] Bəqərə, 2/185.

[2] Qədr, 97/1.

[3] Buxari, “Bədül-vəhy”, 5.

[4] Mühəmməd, 47/24.

[5] Müslim, “Müsafirun”, 252.

[6] Buxari, “Fəzailül-Quran”, 33.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FƏLƏSTİN HÖKUMƏTİ TƏRAVİH NAMAZI BARƏDƏ QƏRARINI AÇIQLADI

Pandemiya tədbirləri çərçivəsində cümə namazlarının açıq meydanlarda qılındığı Fələstində təravih və vaxt namazları məsciddə qılınacaq. Bu barədə hökumətin məruzəçisi İbrahim...

Bağla