Samuxda “Şəhidlik: Vətənə sevgi və sədaqət zirvəsi” mövzusunda konfrans keçirilib

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Samux rayonunda “Şəhidlik: Vətənə sevgi və sədaqət zirvəsi” mövzusunda konfrans keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, şəhidlik Vətənə sevginin, sədaqətin və fədakarlığın ən ali zirvəsidir.

Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin məsləhətçisi Aslan Sultanov çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi, rəşadətli ordumuzun peşəkarlığı və xalqın sarsılmaz birliyi nəticəsində ölkəmiz ərazi bütövlüyünü təmin edib. Bu tarixi zəfərin əldə olunmasında şəhidlərimizin fədakarlığı xüsusi rol oynayıb. Şəhidlərimizin qanı, qazilərimizin şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm də milli ruhun, ədalətin, tarixi haqqın bərpası idi.

Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.

YAP rayon təşkilatının sədri Gündüz Bayramov, Samux şəhər Hz. Əbülfəzl Abbas məscidinin imamı İlham Məmmədov, şəhid ailələrinin üzvləri Xaləddin İsgəndərov, Gülnaz Şəfiyeva, rayon Ağsaqallar Şurasının sədri Fidayıl Əliyev, II Qarabağ müharibəsinin iştirakçısı Aydın Şıxəliyev, eləcə də YAP rayon təşkilatının əməkdaşı Lalə Məmmədova gənclərə və yeniyetmələrə Vətən sevgisinin aşılanmasının zəruriliyindən, eyni zamanda şəhidlik anlayışından, Vətən yolunda şəhid olanların örnək həyatından bəhs ediblər.
Tədbirdə dövlət qurumlarının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə–Azərbaycan ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində görüş keçiriləcək

Türkiyə–Azərbaycan ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində görüş keçiriləcək. "Report" xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan...

Bağla