Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Fəlsəfə və din” mövzusunda elmi seminar keçirilib.
Seminarda ali təhsil müəssisəsinin kollektivi iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dos. Aqil Şirinov qeyd edib ki, fəlsəfə və din münasibətləri insan düşüncəsinin ən qədim və eyni zamanda, aktual məsələlərindən biridir. Aİİ rektoru bugünkü seminarın müasir elmi düşüncə ilə klassik fəlsəfi-dini irs arasında məhsuldar dialoq imkanlarına həsr edildiyini diqqətə çatdırıb.
Aİİ rəhbəri vurğulayıb ki, ali təhsil müəssisəsində bu səpkili tədbirlərin, “dəyirmi masa”ların keçirilməsinin davamlı olmasına xüsusi önəm verilir.
Seminarın əsas çıxışçısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov “elm və din” anlayışlarının mahiyyəti, onlar arasındakı epistemik əlaqə haqqında məlumat verib. O qeyd edib ki, elm obyektiv reallığın rasional metodlarla dərk edilməsinə əsaslanır. Din isə insanın mənəvi aləmini, varlığın ali mənasını və məqsədini izah edən dəyərlər sistemidir.
Səlahəddin Xəlilovun fikrincə, elm və din bir-birinə zidd deyildir, əksinə, fərqli idrak müstəvilərində insan təfəkkürünü tamamlayan anlayışlardır.
Ruhun mahiyyətini mühüm fəlsəfi problem kimi təqdim edən S.Xəlilov daha sonra bildirib ki, ruh maddi varlıqdan kənar, insanın mənəvi-idraki bütövlüyünü təmin edən ali substansiya kimi şərh edilir. O, bu anlayışın müxtəlif aspektlərinin dini və fəlsəfi yöndən təhlil olunduğunu vurğulayaraq, mövzu ilə əlaqəli öz fikirlərini seminar iştirakçıları ilə bölüşüb.
Seminarda iştirak edən AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə yeni fəlsəfi sistemin dörd əsas istiqaməti – yaradılış, idrak prosesi, şəxsiyyətin formalaşması və onun cəmiyyətdəki rolu, fəlsəfə və elmin qarşılıqlı təsiri barədə maraqlı fikirlər səsləndirib.
Seminar mövzu ətrafında maraqlı müzakirələrlə öz işini davam etdirib.



