İslam düşüncəsində elm böyük bir əmanətdir. Xüsusilə dini hökmlər və fətva məsələsində bu əmanətin kimə təslim ediləcəyi cəmiyyətin nizamı üçün əhəmiyyət kəsb edir. Qurani-Kərim və hədisi-şəriflər, bilməyənlərin əhli olmayan şəxslərə müraciət etməsini və ləyaqətsiz insanların fətva verməsini qəti şəkildə qadağan edir.
İslamın bu mövzudakı ilk prinsipi elmin mütəxəssisindən öyrənilməsidir. Nəhl surəsinin 43-cü ayəsində buyurulan “…Əgər bilmirsinizsə, zikr əhlindən (elm sahiblərindən) soruşun” əmri, doğru mənbəyə yönəlməyi şərt qoyur. Çünki İsra surəsinin 36-cı ayəsi xəbərdarlıq edir ki, insan haqqında məlumatı olmadığı bir şeyin ardınca getməməlidir. Çünki qulaq, göz və qəlb hər bir əmələ görə məsuliyyət daşıyır. Bu məsuliyyət hissi, bizi hər önünə gələndən din öyrənməkdən çəkindirməlidir. Necə ki, hədisdə deyilir: “Bu elm dindir; elə isə dininizi kimdən aldığınıza diqqət edin.” (Müslim, Müqəddimə 5)
Fətva soruşulacaq şəxsin həm elmi, həm də əxlaqi dürüstlüyü (ədaləti) mütləqdir. Hucurat surəsinin 6-cı ayəsi fasiq birinin gətirdiyi xəbərin araşdırılmasını əmr edərək, cəhalət üzündən başqalarına zərər verməyin və sonradan peşman olmağın qarşısını alır.
Casiyə surəsinin 18-ci və Sad surəsinin 26-cı ayələrində vurğulandığı kimi, “bilməyənlərin həva və həvəslərinə uymaq” insanı Allahın yolundan azdıran əsas amildir. Ənam surəsi 119-cu ayə isə acı bir həqiqəti ortaya qoyur: “Bir çoxları heç bir biliyə sahib olmadan, sadəcə öz arzu və istəkləri ilə həm özlərini, həm də cəmiyyəti azdırırlar.”
Peyğəmbər Əfəndimiz (s.a.s) bu vəziyyətin doğuracağı ictimai fəsadları çox öncədən xəbər vermişdir. Hədisdə keçən: “İş, əhli olmayana verildiyi zaman qiyaməti gözlə!” həqiqəti (Buxari, Elm 2, Riqaq 35), dini rəhbərliyin və elmi fəaliyyətin ləyaqətsiz əllərə keçməsini aqibətini xarakterizə edir. Bu cür cahil şəxslər soruşulan suallara bilgisizcə fətva verərək həm özləri azar, həm də başqalarını azdırarlar.
Xüsusilə əsrimizdə ortaya çıxan süni intellekt kimi mənbələrdən istifadə edərkən çox diqqətli olmaq lazımdır. Buna bənzər mənbələr dinin yaxud hər hansi bir sahənin öyrənilməsi üçün əlavə qaynaq və köməkçi rolunu ala bilər. Dini mövzularda əsas qaynaq və yaxud fətva mənbəyi kimi götürülməsi tamamilə yanlışdır.
Din, insanın həm dünyasını, həm də axirətini formalaşdıran ən uca dəyərdir. Bu səbəbdən fətva məsələsi sadə bir “rəy bildirmə” deyil, Allahın adından hökm vermək qədər ciddi bir məsələdir. Mömin şəxs həm öz dinini qorumaq, həm də cəmiyyətdə xaosun qarşısını almaq üçün mütləq “əhli-zikr”ə (sahənin mütəxəssisinə) müraciət etməli və nəfsinə uyanların sözündən uzaq durmalıdır.
Rəşad Manafov



