Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşla görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də strateji müttəfiqliyə və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, iki qardaş ölkənin aidiyyəti dövlət qurumları arasında formalaşmış səmərəli əməkdaşlıq modeli, müntəzəm təmaslar və birgə təşəbbüslər dövlət–din münasibətlərinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və Türk dünyasında mənəvi birliyin daha da möhkəmləndirilməsinə mühüm töhfə verir.
Ramin Məmmədov Şuşada keçirilən Birinci Görüşün müvafiq dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın Türk dünyasının ortaq mənəvi irsinin qorunmasına, təşviqinə və gələcək nəsillərə çatdırılmasına xüsusi önəm verdiyini qeyd edib. TDT çərçivəsində dini sahədə əlaqələrin daha da dərinləşdirilməsinin üzv dövlətlər arasında etimadın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Safi Arpaquş Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin ortaq tarixə, dilə, dinə, mədəniyyətə və qardaşlıq bağlarına söykəndiyini bildirib. O, iki ölkənin dini sahədə həyata keçirdiyi birgə fəaliyyətin Türk dünyasında həmrəyliyi və mənəvi birliyi gücləndirdiyini qeyd edib. Şuşada keçirilən toplantının TDT çərçivəsində institusional əməkdaşlığın yeni mərhələyə yüksəlməsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, bu istiqamətdə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tərəflər ortaq layihələrin həyata keçirilməsi, dini-mənəvi dəyərlərin qorunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




