Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyətləri üçün Şuşa şəhərinə tanışlıq turu təşkil edilib.
Qonaqlar şəhərin mərkəzi meydanında işğal dövründə güllələnmiş görkəmli Azərbaycan şəxsiyyətlərinin büstlərinə, Şuşa Yaradıcılıq Mərkəzində nümayiş etdirilən “Heydər Əliyev və Qarabağ” adlı fotosərgiyə baxıblar. Nümayəndə heyətləri Xan qızı Natəvanın evini və Natəvan bulağını ziyarət ediblər, Şuşa qalasının “Gəncə” qapısı önündə onlara şəhərin tarixi haqqında məlumat verilib.
Qonaqlar, həmçinin Azərbaycanın zəngin dini-mədəni irsinin nümunələri olan Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidləri ilə tanış olub, işğaldan azad edildikdən sonra Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat əldə ediblər.
Qonaqların diqqətinə çatdırılıb ki, Şuşa şəhəri işğal dövründə məqsədyönlü şəkildə dağıntılara və vandalizmə məruz qalıb, şəhərin tarixi, mədəni və dini irs nümunələrinə ciddi ziyan vurulub. Bildirilib ki, işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə nəzarəti altında Şuşada genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işləri həyata keçirilir. Qeyd olunub ki, bu proses çərçivəsində tarixi abidələrin bərpası, şəhərin ənənəvi memarlıq simasının qorunması və zəngin mədəni irsinin gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Heydər Əliyev Fondu tərəfindən Şuşanın tarixi-mədəni və dini irsinin bərpasına xüsusi töhfə verilir, mədəni abidələrin, məscidlərin və digər memarlıq nümunələrinin yenidən qurulması və konservasiyası istiqamətində layihələr icra olunur.
Səfər Cıdır düzünə ziyarətlə başa çatıb. Burada nümayəndə heyətlərinə Şuşanın tarixi, mədəni əhəmiyyəti, eləcə də şəhərin Azərbaycanın milli-mənəvi həyatındakı xüsusi yeri barədə məlumat təqdim olunub.
Şuşa ilə tanışlıq proqramı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Qonaqlar şəhərdə aparılan bərpa və quruculuq işlərini, Azərbaycanın tarixi-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdiklərini vurğulayıblar.



