Qəzza zolağının idarə olunması məsələləri ilə məşğul olacaq Fələstin texnokratlar komitəsi Kiprdə anklavın yenidən qurulması, təhlükəsizliyin təmin edilməsi planlarını və beynəlxalq donorların tələblərini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Qəzza zolağının idarə olunması üzrə Milli Komitənin (NCAG) Sülh Şurasının “X” sosial şəbəkə hesabında dərc olunmuş bəyanatında deyilir.
“Son iki gün ərzində Qəzza zolağının idarə olunması üzrə Milli Komitə Kiprdə Sülh Şurasının, Qəzza üzrə ali nümayəndə ofisinin və Toni Bleyer İnstitutunun ekspertləri ilə bir sıra işgüzar görüşlər keçirib. Görüşlər olduqca məhsuldar olub və Qəzza zolağında Fələstin əhalisinin çətinliklərini yüngülləşdirmək istiqamətindəki səylərimizin növbəti mərhələsinə cəmlənib”, – bəyanatda deyilir.
Komitənin məlumatına görə, danışıqların iştirakçıları əsas diqqəti humanitar vəziyyətin yaxşılaşdırılması üzrə təşəbbüslər və layihələr də daxil olmaqla, dərhal həyata keçirilə biləcək tədbirlərə ayırıblar.
Sənəddə qeyd olunur ki, yenidənqurma, təhlükəsizlik və idarəetmə planları nəzərdən keçirilib, həmçinin beynəlxalq donorların tələb etdiyi şəffaflıq və hesabatlılığı təmin edəcək institusional mexanizmlərin işlənib hazırlanması başa çatdırılıb.
Komitədən əlavə ediblər ki, Kiprdəki görüşlər iyunun 23–24-də Qahirədə keçirilmiş seminarın davamı olub və Qəzza zolağının əhalisinə yardım göstərilməsi üçün lazımi şəraitin yaradılmasına yönəlmiş daha geniş prosesin bir hissəsidir.



