İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir.
“Report” xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, Böyük Millət Məclisinin (TBMM) üzvü Mövlud Çavuşoğlu “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans”da deyib.
Onun sözlərinə görə, dünyada baş verən münaqişələr yüzminlərlə insanın itkin düşməsinə səbəb olub:
“Latın Amerikasından Balkanlara qədər geniş coğrafiyada, həmçinin Qəzza, Ukrayna, Cənubi Qafqazda baş verən müharibələrlə bağlı itkin düşmüş şəxslər var. Bu say getdikcə artır. Ona görə də beynəlxalq humanitar hüququn təcili şəkildə gücləndirilməsinə ehtiyac var”.
M.Çavuşoğlu bildirib ki, Cənubi Qafqazda dayanıqlı sülh üçün mütləq barışıq lazımdır:
“Qafqaz bu proseslərdən keçib. Azərbaycan özü də itkin düşmüş şəxslərlə bağlı problemlərlə üzləşib. 4000-dən çox azərbaycanlının taleyi hələ də müəmmalıdır. Cənubi Qafqazda bu gün sülh təşəbbüsü Prezident İlham Əliyevin səyləri ilə daha yüksək səviyyədə gerçəkləşib. İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir və bu mövzu öz aktuallığını qoruyur”.



