Kitab, dağınıq bilikləri yığcam bir şəkildə gələcək nəsillərə çatdıran, ülvi xəzinələrin açarlarını insanlara təqdim edən müqəddəs bir qaynaqdır. Hər kitabın bəsləndiyi fərqli qaynaqlar vardır. Bəzi kitablar ilahi, bəzi kitablar isə insanidir. İlahi təbiətli kitablar birbaşa Allah-Təala tərəfindən insanların həyatlarına yön vermək üzrə nazil edilmişdir. İnsanlar hikmətli sözlərin təsirində özlərini islah edir, yeni və mükəmməl cəmiyyətlər qurur, kökləri sağlam təməllərə söykənən mədəniyyətlər inşa edirlər. İnsanlar tərəfindən qələmə alınan kitablar isə iki başlıq altında dəyərləndirilə bilər;
- İnsan və cəmiyyətin inkişafını əsas prioritet qəbul edən kitablar- Əsas qayəsi insanlığın inkişafını, əxlaqi dəyərlərin cəmiyyət daxilində yayılmasını, unudulmağa üz tutan mədəniyyətin gələcək nəsillərə çatdırılmasını hədəfləyən elmi, bədii, fərdi inkişaf sahələrində yazılan kitablar bu başlıq altında dəyərləndirilə bilər. Bəzən şair tərəfindən qələmə alınan bir şeir insanın könlünə o qədər xoş gəlir ki, həmin insan oxuduğu şeirin təsirilə dəyişir. Sərkəş ikən faydalı bir insana çevrilir. Elə bu dəmdə böyük Türk şairi Yunus Əmrənin aşağıdakı sətrlərini xatırlayaq;
“Söz var kəsər savaşı, söz var kəsdirər başı,
Söz var ağulu aşı, bal ilə yağ edər bir söz.”
- İnsan cəmiyyətinin fitrətini dəyişdirməyi hədəfləyən kitablar- Bu gün bütün cəmiyyətlər böyük bir təhlükə ilə üz-üzədir. İnsanın fitrətini dəyişməyə və onu yenidən kodlamağa yönəlik fəlsəfi cərəyanlar təəssüf ki, bütün cəmiyyətlərdə öz sözünü deməyə başlamışdır. İnsan fitrətini fərd-fərd dəyişdirmək çətindir. Ancaq ailəyə müdaxilə etmək bütün cəmiyyətin sonunu gətirər. Məhz buna görə son 50 ildə yazılan bir çox kitab artıq insanların fikir dünyasını dəyişdirməyə nail olmuşdur. Dininə, xalqına və dövlətinə bağlı insanları bu fikirlərdən qurtarmaq üçün ciddi elmi və publisistik əsərlər qələmə alınmalıdır. Ələlxüsus insanların cinsiyyətini hədəf alan əsərlər övladlarımızın saf və təmiz zehinlərini işğal edir, onların zərərli vərdişlərə yönəlməsinə, elmdən və əxlaqi dəyərlərdən uzaqlaşmasına, qohumluq əlaqələrinin zəyifləməsinə gətirib çıxarır.
Kitablar nitq vərdişlərinin inkişafını təmin edən ən ümdə qaynaqlardan biridir. Ana dilinin saflığını ən gözəl şəkildə istifadə edən bir xətib xalqa xitab edərkən yüzlərlə, minlərlə, hətta, milyonlarla insanın qəlbini fəth edir. Dinləyici həm xətibə, həm də ana dilinin saflığına heyran olur. Kitablar eyni zamanda bizim baxış bucağımızı dərinləşdirir. Yerinə görə söz söyləməyi bizə öyrədir. Deməli, kitablar açarı bizdə olan sirli xəzinələrdir…
Murad Ağayev



